Apr
2014
11:55
29
2
1369
Virtual karabakh

Maykl Bolton: Azərbaycanın musiqi ənənələri haqqında bilmək maraqlıdır

2 Apr, 2014
11:55
1369

Maykl Bolton: Azərbaycanın musiqi ənənələri haqqında bilmək maraqlıdır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“30 ildən çoxdur ki, vegetarianam”.

Aprelin 19-da Maykl Bolton Bakıdakı Heydər Əliyev Mərkəzində ilk dəfə solo konsertlə çıxış edəcək.

Əslən rus olan 60 yaşlı ifaçı M.Bolton (əsl adı Mixail Bolotindir) həm də məşhur bəstəkardır. O, Bob Dilan, Ledi Qaqa, Dayan Uorren, Devid Foster, Fil Ramon, Barbara Streyzand, Con Lecend, Jay Z və “Kiss” qrupu kimi dünya ulduzları üçün mahnılar yazıb.

“Qremmi” mükafatı laureatı M.Boltonun albomları 53 milyon nüsxə ilə bütün dünyada yayılıb.

Oxu.Az xəbər verir ki, Trend konsert ərəfəsində lirik balladaların məşhur amerikalı ifaçısından müsahibə alıb.

- Hər bir ifaçının öz üslubu var. Nə üçün sizin repertuarınızda lirik rok-balladalar üstünlük təşkil edir? Sizin üçün sevgi nə deməkdir?

- Mənim repertuarım çox rəngarəngdir - balladalardan blyuz-roka, ariyalara, caza, R&B-dək. Sevgiyə gəlincə, mən daima ümidsiz romantik olmuşam...

- Gəlin, sizin Bakıda Heydər Əliyev Mərkəzindəki konsertiniz barədə danışaq. Öz pərəstişkarlarınızı nə ilə təəccübləndirməyi planlaşdırırsınız?

- Bakıda ilk çıxışımı səbirsizliklə gözləyirəm. Bildiyimə görə Heydər Əliyev Mərkəzi maraqlı tikilidir, orada keçirilən tədbirlər isə kreativ və mədəni həyatın ən yüksək zirvəsidir.

- Yəqin ki, siz xüsusilə də ilk dəfə səfər edəcəyiniz ölkənin müvafiq ədəbiyyatı ilə tanış olursunuz. Azərbaycan haqqında nə bilirsiniz?

- Mən praktiki olaraq dünyanın bütün guşələrində olmuşam, çox gözəl arxitektura görmüşəm, təbiətin müxtəlifliyindən həzz almışam.

Lakin bir şeyə əmin oldum: yalnız ünsiyyət və bu və ya digər xalqdan gələn istilik dəyişməz qalır. İfaçı üçün hamımızın sevdiyi musiqidən zövq alan insanlarla ünsiyyət hər şeydən vacibdir.

Xəzərdən dağ zirvələrinədək Azərbaycanın möhtəşəm landşaftı barədə məlumatım var və mənə sizin ölkənizin musiqi ənənələri haqqında daha çox bilmək maraqlı olardı.

- Bildiyimizə görə, siz vegetariansınız. Bu necə oldu və vegetarian olmaq çətindirmi?

- Mən 30 ildən çoxdur ki, vegetarianam. Vegetarian olmaq kifayət qədər asandır, hətta səyahətlər zamanı. Mən ona görə vegetarian oldum ki, belə həyat tərzini sağlam hesab edirəm. Dostlarımın onlara özlərini sağlam və xoşbəxt hiss etmələrinə imkan verən yeməklər hazırlamalarını və ya sifariş etmələrini sevirəm.

- Sizin ulu babalarınız Rusiyadandırlar. Bu sizə Birləşmiş Ştatlarda şöhrətə çatmağa mane olmayıb ki? ABŞ və Rusiyanın tamaşaçı auditoriyası arasında fərq mövcuddurmu?

- Mənim uğura doğru 18 illik yolum atamın rus əsilli olması ilə praktiki olaraq bağlı deyil. O, eləcə də nənəm və babam məndə sözünün üstündə durmaq və zəhmətsevərlik ruhunda tərbiyə ediblər.

Əlbəttə ki, dünyada müxtəlif tamaşaçı auditoriyası mövcuddur. Lakin musiqinin gücü və gözəlliyi hamımızı birləşdirir. Mənim musiqi biznesində rus əsilli olanlar da daxil olmaqla çoxlu dostlarım var. Onların arasında dünya şöhrətli və çox uğur qazanmış bəstəkarlar da var. Xüsusilə, Dayana Uorren və Barri Mannanın adını çəkə bilərəm. Onların nənələri və babaları da əslən Rusiyadandırlar.

- Çoxları uğur qazanmağa həvəs göstərir, lakin heç də hamı buna nail ola bilmir. Siz müğənni və bəstəkarsınız. Sizin uğurlu karyera formulunuz necədir?

- Uğurlu çoxillik karyera həmişə zəhmətsevərlik və intizam tələb edir. Mənə elə gəlir ki, ilahi vergiyə hər dəqiqə və istedada görə vaxtında ümid etmək lazımdır.

- Bir çox dünya şöhrətli ifaçılarla çalışmısınız. İndiyədək maraqla xatırladığınız məqamlar varmı?

- Belə məqamlar çoxdur! Mən onları sonuncu avtobioqrafik kitabım – “The Soul Of It All”da böyük məmnuniyyətlə təsvir etmişəm. Birgə çalışdığım ulduzlar arasında Bob Dilan, Ledi Qaqa, Luçano Pavarotti və ABŞ Prezidenti Bill Klinton var. Bu insanlar bu və ya digər şəkildə həyatıma təsir ediblər, məni ilhamlandırıblar.

- Yəqin ki, karyera vaxtınızın böyük hissəsini alır. Daha nə ilə məşğul olursunuz? Bəlkə hər hansı biznesiniz var?

- Mən mütəmadi olaraq karyeramla məşğul oluram. Bu, təkcə dünya üzrə çoxsaylı turlardan ibarət deyil: mən yazıram, o cümlədən ədəbiyyat, kino, televiziya və xeyriyyəçiliklə əlaqəli digər layihələrlə məşğul oluram.

- Siz “The Michael Bolton Charities” fondunun qurucususunuz. Bundan başqa, digər xeyriyyə təşkilatlarının layihələrində iştirak edirsiniz. Sizin üçün xeyriyyəçiliklə məşğul olmaq nə deməkdir?

- Musiqi sahəsində uğur qazanmazdan əvvəl mənim və gənc ailəmin ciddi maliyyə çətinlikləri yaşadığı vaxtlar olub, hətta evsiz qala bilərdik. Buna görə də uğur qazandıqdan sonra yerli sığınacaq yerlərinə yardım etməyə başladım.

Və orada öyrəndim ki, qadınlar və uşaqlar qalmağa yer olmadığına görə deyil, daha çox məişət zorakılığına görə sığınacaqlara düşürlər. Bu zaman mən ailədə kobud davranış riskinə məruz qalan qadın və uşaqlara yardım üçün səylərimi birləşdirdim.

Məşhurluq mənə KİV və qanunvericiliyə müəyyən təsir etməyə kömək göstərdi. İnsanın həyatını yaxşılığa doğru dəyişdirmək qabiliyyəti mənim üçün əsl mükafatdır.

- Gərgin iş qrafiki sizin uşaq və nəvələrinizlə ünsiyyətinizə necə təsir edir? Onlardan hər hansı biri sizin yolunuzla gedirmi?

- Səyahətlər zamanı elektron ünvan və SMS vasitəsilə qızlarımla mütəmadi ünsiyyət saxlayıram. Onlar isə nəvələrimin şəkil və videolarını mənə göndərirlər.

Evdə - Konnektikutdə və ya qərb sahillərində olarkən ailəmin yanına gedirəm və bu mənim üçün həyatın ən dəyərli anlarıdır. Onlar isə imkan tapanda konsertlərimə gəlirlər.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri