17 
Apr
2024
16:57
93
883
52188
Virtual karabakh

Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO

17 Apr, 2024
16:57
52188

Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tanınmış aparıcı Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB məlumat yayıb. 

Qurumdan Oxu.Az-a bildirilib ki, hadisə nəticəsində xəsarət alan 2 nəfər (kişi cinsli) Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdiriliblər.

2003-cü il təvəllüdlü şəxsə başın digər hissələrinin səthi travması, boynun səthi travması diaqnozları təyin edilib. Vəziyyəti stabil qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.

2006-cı il təvəllüdlü şəxsə isə baş-beyinin ocaqlı travması, döş qəfəsinin səthi travması, boğazın digər və dəqiqləşdirilməmiş travmaları və s. diaqnozlar təyin edilib. Həkimlərin səylərinə baxmayaraq, Reanimasiya şöbəsinə yerləşdirilən şəxsin həyatını xilas etmək mümkün olmayıb.

14:57

Tanınmış aparıcı Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı cinayət işi açılıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, baş verən yol-nəqliyyat hadisəsi üzrə Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2 maddəsi ilə cinayət işi qaldırılıb, istintaq hərəkətləri aparılır.

Qeyd edək ki, CM-in 263-cü maddəsi yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma üzrə halları ehtiva edir.

263.2 maddəsinə görə, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

14:41

Tanınmış aparıcı Aytən Səfərovanın düşdüyü qəzanın görüntüləri yayılıb. 

Bununla bağlı video sosial şəbəkədə yayılıb. 

Həmin görüntüləri təqdim edirik:

12:02

Bu gün avtomobil qəzası keçirən aparıcı Aytən Səfərovadan xəbər var. 

Jurnalistin həyat yoldaşı Olay.az-a xanımının səhhəti ilə bağlı qısa məlumat verib:

“Səhhəti belə də. Qabırğaları qırılıb”.

11:22

Tanınmış aparıcı Aytən Səfərovanın hazırda Kliniki Tibbi Mərkəzin müvafiq şöbəsində zəruri müayinələri aparılır. 

Bu barədə TƏBİB məlumat yayıb. 

Qeyd edək ki, A.Səfərova açıqlamasında Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirildiyini bildirmişdi.

09:59

“Aprelin 17-də saat 7 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi “Hyundai ix-35” markalı avtomobillə Aytən Piriyevanın (Səfərova) idarə etdiyi avtomobil toqquşub”.

Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı məlumat verib.

Nəticədə İ.Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb. 

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.

09:54

Tanınmış aparıcı Aytən Səfərovanın keçirdiyi qəza ilə bağlı təfərrüat məlum olub. 

APA xəbər verir ki, hadisə 8 Noyabr prospektində, Gənclik parkının qarşısında qeydə alınıb.

A.Səfərovanın idarə etdiyi “Hyundai” markalı avtomobil digər “Hyundai” ilə toqquşaraq aşıb. Nəticədə aşan avtomobil yol kənarında olan “KIA Soul” markalı maşına çırpılıb.

Nəticədə bir nəfər ölüb, Aytən Səfərova da daxil olmaqla bir neçə nəfər xəsarət alıb.

09:20

Aparıcı Aytən Səfərova ağır avtomobil qəzasına düşüb. 

Bu barədə A.Səfərova Bizim.Media-ya açıqlamasında bildirib. 

O qısa olaraq vurğulayıb ki, qəza nəticəsində müxtəlif bədən xəsarətləri alıb.

Hazırda müayinə üçün o, Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib.

Aparıcı səhhətinin ağır olduğunu qeyd edib. 

 

Əzizə İsmayılova

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri