17 
Apr
2024
09:06
130
20
4674
Virtual karabakh

Beş dəqiqəyə təmizlik, gündə 500 min insanın gözlədiyi avtobuslar: Bakının ən böyük deposundan REPORTAJ - FOTO

17 Apr, 2024
09:06
4674

Beş dəqiqəyə təmizlik, gündə 500 min insanın gözlədiyi avtobuslar: Bakının ən böyük deposundan REPORTAJ - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

On il əvvəl Bakı küçələrində peyda olan qırmızı avtobuslar uşaqdan-böyüyə hər kəsin diqqətini çəkmişdi. Rəngi, konturları, səssizliyi və ən əsası da rahatlığı ilə seçilən avtobuslar bir müddət sonra işdən evə, evdən işə tələsənlərin, eləcə də, sadəcə, maraq xətrinə əyləşənlərin ən çox axtardığı nəqliyyat vasitəsinə çevrilə bildi.

Oxu.Az şirkətdə işin gedişatı - avtobusların xəttə hazırlanması, təhvil verilməsi, sürücülərin gündəlik iş rejimi ilə bağlı reportajı təqdim edir:

“BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.04.2014-cü il tarixli 92 nömrəli qərarı ilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində dövlət müəssisəsi olaraq yaradılıb. Müəssisənin açılışı isə 2015-ci il iyunun 3-də baş tutub. Hazırda “BakuBus” MMC-nin şəhər daxilində 38 marşrut xətti mövcuddur.

Ekspres avtobus xətlərindən biri hava limanından metronun “Koroğlu” və “28 May” stansiyalarına qədər olan məsafədə fəaliyyət göstərir. Həmin avtobuslar saat 6:00-dan 1:00-a qədər sərnişin daşıyır. Şirkətdən bildirilib ki, sərnişinlərin rahatlığını təmin etmək üçün bu istiqamətdə hərəkət edən avtobusların 24 saat fəaliyyət göstərməsi də planda var.

Daha bir ekspres xətt Bakı-Sumqayıt marşrutunu ehtiva edir. Həmin xəttin avtobusları saat 6:00-dan 00:00-a kimi fəaliyyət göstərir.

“BakuBus” avtobuslarını əsas fərqləndirən cəhətlərdən biri onların sıxılmış maye qaz yanacağı ilə işləməsidir.

Burada sürücülərin iş saatı səhər saat 6-dan start götürür və 00:00-dək davam edir. Ekspres avtobuslarının sürücülərinin iş qrafiki isə fərqlidir, yəni onlar saat 1-dək işləyirlər.

Bütün sürücülər 8 saatlıq iş rejimində və növbəli şəkildə çalışırlar. Onlar zəruri ehtiyaclarını (yemək, çay və s.) marşrut qrafikinə uyğun olaraq, son dayanacaqlarda müəyyən edilmiş durma müddətində təmin edirlər.

Marşrut xəttindən qayıdıb qaraja daxil olan avtobuslar qrafik üzrə daxili reqlamentə uyğun prosedurlardan keçir. 

İş zamanı avtobusda hər hansı texniki nasazlıq yaranarsa, sürücü dispetçer mərkəzinə məlumat verir, nasaz avtobus qaraja yönəldilir və onu xətdə ehtiyat avtobus əvəzləyir.

Sürücünün səhvi nəticəsində avtobuslara dəyə biləcək ziyanın qarşılanması məsələsinə gəlincə, öyrənirik ki, baş vermiş yol-nəqliyyat hadisələri şirkətin Yol-Nəqliyyat Hadisələri Sektoru tərəfindən araşdırılır. Əgər hadisə sürücünün səhvi nəticəsində baş verirsə, onun barəsində müvafiq intizam tədbiri görülür, şirkətə dəymiş zərər sürücünün əməkhaqqına yönəldilir. Əgər həmin sürücünün yenidən səhvə yol verdiyi aşkarlanarsa, o zaman təkrar təlimlərə cəlb edilir.

İctimai nəqliyyatdan istifadə edən hər kəsi maraqlandıran əsas suallardan biri də sürücülərin sağlamlıq yoxlanışından keçib-keçməməsi məsələsidir.

Məlum olur ki, səhər reysqabağı bütün sürücülər tibbi müayinədən keçirlər və yalnız bundan sonra onlara müvafiq yol vərəqəsi təqdim olunur. Həmin yol vərəqəsi əsasında da avtobus mexaniklər tərəfindən sürücüyə təhvil verilir.

mexanik

Bütün bu proseslər hər gün istisnasız olaraq ciddi nəzarət altında həyata keçirilir və müvafiq daxili sənədlərlə müşayiət edilir.

Bu gün “BakuBus”ın qarajı 24 saatlıq iş rejimində fəaliyyət göstərir. Yəni avtobuslar saat 00:00-da qaraja daxil olduqdan sonra gecə növbəsinin iş qrafikinə start verilmiş olur.

Gecə xətdən qaraja dönən avtobusların içərisinə ilk növbədə nəzarətçilər tərəfindən vizual baxış keçirilir. Daha sonra isə mexaniklər texniki baxış əsasında sürücülərdən avtobusları təhvil alırlar.

Əgər texniki baxış zamanı hər hansı nasazlıq aşkar olunarsa, o zaman həmin avtobuslar qarajın təmir mərkəzinə yönəldilir.

Saz vəziyyətdə olan avtobuslar isə qarajdaxili digər prosedurlardan - növbəti iş günü xəttə çıxmaq üçün yanacaq dolumu, avtobusların daxili, xarici təmizliyi və s. - keçirlər.

Qeyd etmək yerinə düşər ki, “BakuBus”a məxsus iki depo (qaraj) var ki, onların hər biri  300 avtobusa xidmət göstərmək gücünə malikdir.

Qarajın təmir və texniki baxış hissəsində isə eyni vaxtda 26 avtobusa təmir və xidmət göstərmək mümkündür. Buraya rənglənmə, yağdəyişmə, mühərriklərin, təkərlərin dəyişdirilməsi və təmiri kimi xidmətlər daxildir.

Diqqəti çəkən daha bir proses avtobusların təmizlik məsələsidir. Növbəti gün üçün hazırlanan avtobusların təmizliyinə xüsusi diqqət ayrılır. Belə ki, hər gün və mütləq şəkildə, avtoparkın öz yuyucu məntəqəsində, bütün avtobusların həm salonu, həm də çölü yuyulub-təmizlənir.

Qeyd edək ki, şirkətin üç terminaldan ibarət yuyucu stansiyası var. Həmin stansiyaların xidmət gücü isə hər terminalda bir avtobusun 5 dəqiqə ərzində təmizlənməsinə hesablanıb.

Bütün sadalanan proseslər saat 3:00-da yekunlaşdıqdan sonra avtobuslar qaraj daxilində onlar üçün ayrılmış yerlərə park edilirlər. 

Növbəti gün xəttə çıxacaq sürücülərin qaraja gəlmə vaxtı isə saat 5:00-dan başlayır. Servis avtobusu ilə qaraja gələn sürücülər bir saat ərzində, yəni saat 6-ya kimi tibbi yoxlanışdan keçirlər.

Qeyd edək ki, bu gün Bakının Suraxanı rayonu, Zığ şosesində yerləşən şirkətin avtoparkında ümumilikdə minə yaxın avtobus var ki, onlardan gündəlik 600-ə yaxını marşrut xəttinə çıxarılır və gün ərzində 500 minə yaxın sərnişinə xidmət göstərir.

bakubus

Şirkətin saytında göstərilir ki, 2015-24-cü illərdə “BakuBus” avtobusları ilə 806 398 239, 2024-cü ildə isə 29 724 327 sərnişin daşınıb. Şirkətin fəaliyyət prioriteti isə xidmət keyfiyyətinin qorunmasına köklənib.

On il ərzində “BakuBus” paytaxtımızda keçirilən beynəlxalq tədbirlərin nəqliyyat operatoru rolundan hazırda Bakı şəhərinin sərnişindaşımasının əsas daşıyıcı şirkətinə qədər uğurlu yol keçib.

Fəaliyyətə başladığı ilk gündən təhlükəsizlik, keyfiyyət və operativliyi rəhbər tutan “BakuBus” bu gün də bu prinsiplərinə sadiqdir. Şirkət 10 illik yubileyini 800 milyonuncu sərnişinini daşımaqla qeyd edir.

Daha çox foto burada: PhotoStock.az

Əzizə İsmayılova

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri