21 
Apr
2014
17:45
14
46
8454
Virtual karabakh

Münəvvər Əliyeva: Mənə dedilər ki, gərək sinən çöldə olsun - VİDEO

21 Apr, 2014
17:45
8454

Münəvvər Əliyeva: Mənə dedilər ki, gərək sinən çöldə olsun - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“O tamaşadan sonra dostlarımı itirməli oldum”.

Oxu.Az 1937.az saytına istinadən əməkdar artist, Akademik Milli Dram Teatrının aktrisası Münəvvər Əliyevanın müsahibəsini ixtisarla təqdim edir. O, geniş müzakirəyə səbəb olan “Qatil” tamaşasındakı “Müəllimə” obrazı ilə oxuculara daha çox tanışdır. 

- Münəvvər xanım, “Qatil” tamaşası ətrafındakı son söz-söhbətlərdən sonra heç dedinizmi ki, bu baş ağrısı mənə lazım idi?

- “Qatil” tamaşası hazırlananda bu hay-küyü gözə almışdıq. Ancaq biz bu söz-söhbəti adi tamaşaçılardan gözləyirdik, sənət adamlarından yox. Son situasiya mənə daha çox təsir etdi. Çünki o insanlar məhz mənim dostlarım sayılırdı, mənə görə gəlmişdilər. Onlardan bunu gözləməzdim.

- Bəs bu hadisə dostluğunuza xələl gətirdimi?

- Mən Əbdül müəllimə zəng edib dedim ki, etdiyiniz nə dərəcədə doğrudur? Dedi ki, mən belə şey etməmişəm, amma istəməzdik, səni elə rolda görək. Dedim, bu nə deməkdir, mən aktrisayam. Əslində, Şeyx Əbdül də rejissordur, onun “Şaman duaları” tamaşasında da “Allah, Allah” deyib şamanlıq edirdim də.

Sabah mənə fahişə rolu verilsə, onu da oynaya bilərəm. Orada çılpaqlıq ola bilər, amma mən onu elə oynayacam ki, iç dünyasını, onu fahişə edən kəsləri, səbəbləri, həyatı göstərəcəyəm. Mən bunu düzgün şəkildə edə bilsəm, o qadına bəraət qazandıracam. Onda niyə də oynamayım?

Hətta söhbətlər arasında “Açaram sandığı, tökərəm pambığı” söhbəti olmuşdu. Əslində, hər kəsin açmağa sandığı, tökməyə pambığı var. Elə adam var ki, ona bütün ləkələr yapışır. Amma bizə ki, yapışmaz...

Bu sənət üçün nəyə görə bu qədər qurban verirdim? Qohum-əqrəbanın “Filankəsin qızı getdi, aktrisa oldu” tənələrinə dözdüm, onları başa sala bildim. Onların da uşaqları vardı, aktrisa olmasa da, hərəsinin həyatı bir cür gətirdi.

- Yadımdadır ki, Alim Qasımovun sənətinə heyran olduğunuzu, ona qibtə etdiyinizi deyirdiniz. Ona görə də onu tamaşaya dəvət etmişdiniz. Alim Qasımovun isə sizə qiyməti belə oldu...

- Alim Qasımovun belə bir şey edəcəyinə, ümumiyyətlə, inanmıram. Amma nədənsə kiməsə xoş idi ki, martın 30-u tamaşa oynanandan sonra qalmaqal yaradılsın. Bu da mənəvi aclıqdan irəli gəlir.

Ümumiyyətlə, əvvəllər fikirləşirdim ki, dost pis gündə tanınar, amma əksinəymiş. Mən ev alanda bir dostumu itirdim, maşın alanda birini. “Qatil” tamaşasında uğur qazandım, dostlarımın çoxu mənə qarşı çıxdı. Başa düşmürəm, ayaq üstə alqışlanmağımızımı həzm edə bilmirlər?

- Bəs ailə üzvləriniz nə deyirlər, ümumiyyətlə, tamaşaya baxıblarmı?

- Hamısı baxıblar. Hətta qohumlarım, rəfiqələrim arasında dindar xanımlar vardı ki, çəkinə-çəkinə onları da dəvət etmişdim. Təəccüblüdür ki, onlar heç bir mənfi rəy söyləmədilər. Əksinə, o qədər təsirlənmişdilər ki... Tamaşanın məğzini anlayandan sonra gözə çılpaqlıq görünmür. Tamaşa haqqında deyilənlərə də məəttəl qalmışdılar ki, orada axı elə səhnələr yox idi.

İndi mənim ailəm də, qohumlarım, çevrəm də sənətimi çox gözəl qəbul edirlər. Qohumlarım arasında o qədər ağlayaraq o tamaşadan gedən olub ki... Özüm də bilmədən onların həyatını oynamışammış, bunu özləri etiraf edirdilər. O tamaşadan sonra qohumlarımdan çox dost tapdım özümə, amma dostlarımı itirməli oldum.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri