Avropa Komissiyası (AK) “Meta” korporasiyasının “Facebook” və “Instagram” sosial şəbəkələrinə qarşı iş açıb.
Sosial şəbəkələr Avropa İttifaqının (Aİ) qanunvericiliyini pozmaqda şübhəli bilinir.
ABŞ şirkətinin siyasi reklamlarla işləyərkən Avropa qaydalarına əməl edib-etmədiyi yoxlanılacaq.
“Qaydaların pozulmasından şübhələniriksə, tədbir görürük. Bu, hər zaman, xüsusilə də demokratik seçkilər zamanı tətbiq edilir”, - deyə AK prezidenti Ursula fon der Lyayen bildirib.
İddia edilən pozuntular “Meta”nın Aİ-də aldadıcı reklam və dezinformasiya kampaniyalarının yayılması ilə adekvat mübarizə aparmaması ilə bağlıdır. Komissiya istifadəçilərin platformalardakı məzmundan şikayət etmək imkanının Avropa qanunvericiliyinin tələblərinə uyğun gəlməməsindən də şübhələnir. AK hesab edir ki, “Meta” istifadəçi məlumatlarına qeyri-adekvat girişi təmin edir.
Aİ-nin yeni qanunvericiliyinə əsasən, sosial şəbəkələr və platformalar nifrət nitqi və onlayn zorakılıq kimi qeyri-qanuni məzmunla əvvəlkindən daha sürətli və sərt mübarizə aparmalıdırlar. Əks halda onları böyük cərimələr gözləyir. Rəqəmsal Xidmətlər Aktı (DSA) adlanan qanun həm də istifadəçilərin qeyri-qanuni məzmunu bildirmələrini asanlaşdırmaq məqsədi daşıyır.
08:46
Avropa Komissiyası (AK) “Facebook” və “Instagram”a və bu sosial şəbəkələrin məxsus olduğu ABŞ-nin “Meta” şirkətinə qarşı təhqiqata başlayacaq.
Buna səbəb bu resursların dezinformasiyanın yayılmasının qarşısını almaq üçün kifayət qədər səy göstərməməsidir.
Məlumata görə, Avropa komissarları xüsusilə Rusiyanın Avropa Parlamentinə seçkilərə müdaxilə cəhdlərinə adıçəkilən platformaların necə yanaşmasından narahatdırlar.
Qeyd edək ki, seçkilər 6-9 iyun 2024-cü il tarixlərində bütün Aİ ölkələrində keçiriləcək.
Mənbə: TASS
Rəylər