11 
Avq
2022
20:12
167
16
2384
Virtual karabakh

Engin Özər: “Əvvəlcə F-16-lar, sonra Finlandiya və İsveçin NATO-ya qəbulu” - TÜRKİYƏDƏN MÜSAHİBƏ

11 Avq, 2022
20:12
2384

Engin Özər: “Əvvəlcə F-16-lar, sonra Finlandiya və İsveçin NATO-ya qəbulu” - TÜRKİYƏDƏN MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu həftə ABŞ prezidenti Cozef Bayden Finlandiya və İsveçin NATO-ya qoşulma protokollarını imzalayıb. Daha öncə isə bu protokollar ABŞ Senatı tərəfindən ratifikasiya olunub. Nəticədə NATO-nun 30 ölkəsindən 23-ü artıq Skandinaviya dövlətlərinin Şimali Atlantika Alyansına qoşulmasına icazə verib.

Ancaq intriqa hələ də qalır.

Sənədlər Türkiyə də daxil olmaqla, bir neçə ölkə tərəfindən hələ də ratifikasiya olunmayıb. Eyni zamanda, Ankara Türkiyə ilə imzalanmış memorandumun şərtlərinə əməl etməyən Finlandiya və İsveçə qarşı çox sərtdir. Türkiyənin ədliyyə naziri Bəkir Bozdağın bu yaxınlarda bəyan etdiyi kimi, İsveç və Finlandiya terrorla mübarizədə öz öhdəliklərini yerinə yetirməyincə Ankara bu ölkələrin NATO-ya daxil olmasını dəstəkləməyəcək.

Qeyd edək ki, məsələ heç də asan deyil. Belə ki, məhz bununla bağlı ciddi problemlər mövcuddur: Helsinki və Stokholm terrorda ittiham olunan Kürdüstan Fəhlə Partiyası (PKK) və ona bağlı strukturların fəallarını Türkiyəyə ekstradisiya etməkdən imtina edir.

Oxu.Az bu məsələ ilə bağlı şərh almaq üçün türkiyəli politoloq Engin Özərə müraciət edib.

- Finlandiyanın keçmiş xarici işlər naziri Erkki Sakari Tuomioya Finlandiya və İsveçin 2023-cü ilin iyun ayına kimi NATO-ya üzv ola biləcəyini bildirib. Sizcə Türkiyə Böyük Millət Məclisi bu iki şimal ölkəsinin NATO-ya daxil olması üçün protokolları ratifikasiya edəcəkmi?

- Düşünürəm ki, Türkiyə sonda Finlandiya və İsveçin NATO-ya qəbuluna razılıq verəcək. Əsas problem bir tərəfdən Ankara, digər tərəfdən də Stokholm və Helsinki arasındakı münasibətlərdə deyil. Hər şey Vaşinqtonda həll olunur. Türkiyə haqlı olaraq ABŞ-dan F-16 çoxməqsədli qırıcılarının verməsini tələb edir. Axı Ankara F-35 təyyarələrinin hazırlanması proqramına təxminən bir milyard yarım dollar sərmayə qoyub. Lakin ABŞ Türkiyəyə F-35-ləri vermək fikrindən daşınıb. Elə isə, onda F-16-ları versinlər, çünki pul artıq ödənilib.

Finlandiya və İsveçə gəlincə, Türkiyənin Helsinkiyə demək olar ki, heç bir iddiası yoxdur, orada PKK-çıların sayı çox deyil. Stokholm fərqli bir məsələdir, lakin bu, ayrı-ayrılıqda həll edilə bilər. Bir problem var - İsveçin istehsal edib PKK-ya verdiyi minalar. Stokholm məhz bu məsələni - PKK-ya İsveç silahlarının verilməsini dayandırmalıdır. Amma əsas məsələ, dediyim kimi, ABŞ-dan Türkiyəyə F-16 qırıcılarının tədarüküdür.

Türkiyədə gələn il prezident seçkiləri keçiriləcək. Rəcəb Tayyib Ərdoğana təbii ki, diplomatik qələbələr lazımdır. F-16 təyyarələrinin çatdırılması da onlardan biri ola bilər. Və bu tədarükləri təsdiqlədikdən sonra Ankara Finlandiya və İsveçin NATO-ya daxil olmasına razılıq verəcək.

- Ancaq Ağ Ev israr etsə də, ABŞ Konqresi qırıcıların Türkiyəyə təhvil verilməsinə mane oldu ...

- Düzdü, amma Konqres bu məsələni bir daha müzakirə edib tədarükləri təsdiq edə bilər. Bu, NATO-ya üzv olmaq istəyən şimal ölkələrinin milli təhlükəsizlik məsələsidir, ani problem deyil. Bundan əlavə, mənim gördüyüm kimi, ABŞ və Türkiyə arasında müəyyən yaxınlaşma var.

- Noyabrda ABŞ-da Nümayəndələr Palatasına aralıq seçkilər keçiriləcək. Ümumi rəy odur ki, Türkiyəyə demokratlardan daha yaxşı münasibət bəsləyən respublikaçılar qalib gələcək. Bəlkə bu, Türkiyəyə qırıcı təyyarələrin tədarükü üçün Konqresin təsdiqinə nail olmağa kömək edər?

- Açıq danışaq, Respublikaçılar prezident Rəcəb Tayyib Ərdoğana qarşı mehriban olsalar da, ümumilikdə Türkiyəyə qarşı belə deyillər. Demokratlar və Respublikaçılar fraksiyalarının noyabrda keçiriləcək seçkilərdən sonra Türkiyəyə döyüş təyyarələrinin tədarükü ilə bağlı necə razılaşacaqlarını söyləmək çətindir. Amma güman edirəm ki, respublikaçılar səs çoxluğu əldə etdikdən sonra ABŞ Konqresi Ankara üçün F-16 müqaviləsini təsdiq edəcək. Bu, iki-üç ayın məsələsi deyil, bəlkə yeni ildən sonra həll olunar. Türkiyə, dediyim kimi, demək olar ki, bir milyard yarım dollar ödəyib. Deməli, ya pul qaytarılmalıdır, ya da təyyarələr gətirilməlidir ki, bu da ABŞ-ın xeyrinə olacaq.

- ABŞ-a nəyin faydalı olmasından söz düşmüşkən. Afina ilə Ankara arasında ciddi gərginlik var və ABŞ Türkiyə ilə qarşıdurmada Yunanıstanı açıq şəkildə dəstəkləyir...

- Bəli, təbii ki, bu yanlışdır. Türkiyə NATO-nun ən köhnə üzvlərindən biridir. Ölkəmiz Yunanıstandan fərqli olaraq alyansdan çıxmadı. Türkiyə onilliklər ərzində NATO-nun şərq qanadını əhatə edib. Amma hazırda Qərbin fikrincə, Yunanıstan NATO-ya Türkiyədən daha çox inteqrasiya olunub və ABŞ prezident Rəcəb Tayyib Ərdoğanı təkləməyə yönəlmiş siyasət yürüdür. Gələn il Türkiyədə keçiriləcək seçkilərdən sonra görək nə olacaq, vəziyyət dəyişə bilər.

Nair Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri