12 
Avq
2022
16:18
22
156
3150
Virtual karabakh

Rusiya-Ukrayna müharibəsi niyə bitmir? - “Gizli razılaşma istisna deyil” - ŞƏRH + FOTO

12 Avq, 2022
16:18
3150

Rusiya-Ukrayna müharibəsi niyə bitmir? - “Gizli razılaşma istisna deyil” - ŞƏRH + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiya-Ukrayna müharibəsi altı aya yaxındır ki, davam edir. İlk vaxtlarda əksəriyyət Rusiyanı işğalçı adlandırıb müharibəni pisləyirdi. Hətta Ukraynaya dəstək üçün küçələrə axın edənlər də az deyildi. Bu gün isə minlərlə insanın ölümünə səbəb olan savaşın gözlərdə bir qədər adiləşdiyi görünür. Dünya əhalisinin böyük bir qismini ölüm yox, üzləşdiyi iqtisadi problemlər düşündürür. Üstəlik regiondakı dövlətlərin müharibənin bitməsi yönündəki səyləri də əvvəlki səviyyədə deyil.

Məsələni Oxu.Az-a şərh edən politoloq Sahil İskəndərov bildirib ki, müharibənin ilk dövrlərində Qərb öz maraqları üçün süni şəkildə ajiotaj yaradıb, ona görə də hərbi əməliyyatlara maraq böyük olub:

“Məşhur bir deyim var: “Müharibəni bitirmək ona başlamaqdan qat-qat çətindir”. Təəssüf ki, istər Rusiya, istərsə də Ukraynanı alət kimi istifadə edən qüvvələr bu reallıqdan uzaqdır. Rusiya beynəlxalq hüquq normalarına sığmayan addım atdı, amma Qərb də Ukraynanı Rusiyaya qarşı alət kimi istifadə etmək yolunu seçdi. 

Ümumiyyətlə, bütün müharibələrdə ilk vaxtlar ajiotaj yaradılır, maraqlı olan məlumatların hamısı verilir, insanlarda dünyanın taleyi həll olunurmuş kimi fikir formalaşdırılır. Ancaq Qərb və Rusiya gözəl bilirdilər ki, burada dünyanın taleyi-filan həll olunmur, sadəcə olaraq Rusiya ilə Qərb arasında geosiyasi qarşıdurmanın bir mərhələsi oynanılır. Ona görə də bu gün müharibəyə maraq məqsədli şəkildə öldürülür. Çünki ABŞ, bütövlükdə Qərb, öz istəyinə çatıb.

İkinci bir səbəb isə müharibə kontekstində dünyada iqtisadi əlaqələrin kollapsa doğru getməsidir. Neft və qazın qiyməti bahalaşıb, istehsal və istehlakda problem yaşanır, bu isə yaşamı çətinləşdirir. Avropa əhalisi isə rahat yaşamağa öyrəşib. Ona görə də müharibədən yorulub. Bu barədə hansısa bir şey eşitmək istəmir”.

Ekspert Rusiya və Ukraynanın müharibəylə bağlı doğru olmayan yanaşmalarından söz açıb: 

“Ukrayna Rusiya üçün heç də asan yem deyil. Rusiyanın böyük səhvi bunu nəzərə almaması idi. Amma əgər Rusiyanın hansısa bir işdə marağı varsa, onun uğrunda verdiyi itkilər mühüm deyil. Məqsədinə doğru gedir.

Ukrayna tərəfin səhvi isə Qərbə güvənmək oldu. Ukrayna Qərbin onlara güclü dəstək olacağını, hətta NATO-nun gəlib ərazidə vuruşacağını düşünürdü. Bunlar isə baş vermədi. Ukraynalılar ruslarla qardaş xalqdır, Qərb düşmənçilik toxumu səpərək onları bir-birinə qırdırdı, ocaq öləzidikcə isə yenidən odun atırlar. Yəni Ukraynaya silahlar verirlər ki, münaqişə davam etsin. Amma Ukraynaya verilən silahlar heç də müharibənin taleyini həll edəcək səviyyədə deyil”.

Həmsöhbətimiz qeyd edib ki, Ukrayna və Rusiyada nə qədər adamın ölməsi Qərbin maraq dairəsində deyil:

“Moskva və Kiyev isə sağlam məntiqdən çıxış edib münasibətləri yoluna qoya bilmirlər. Müharibənin üçüncü həftəsində demişdim ki, Rusiya ilə ABŞ arasında gizli razılaşmanın olduğunu istisna etmirəm. Ukraynanın sağ sahil və sol sahil Ukraynası çərçivəsində bölünməsi iki qardaş xalqı bir-birinə düşmən edən qüvvələrin əsas istəyidir”.

Sahil İskəndərov baş verənlərə rəğmən, müharibə iştirakçılarının sonda çıxış yolu tapacaqlarına ümidli olduğunu da söyləyib:

“Bu müstəvidə Türkiyənin vasitəçiliyi çox önəmli missiyadır. Ümumiyyətlə, Türkiyə son vaxtlar beynəlxalq aləmdə güclü vasitəçilik missiyasının icrasına başlayıb”.

Sayad Həsənli

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri