17 
Okt
2020
23:31
2432
91
14098
Virtual karabakh

Hərb və diplomatiya meydanında mərdcəsinə döyüşən Azərbaycanı hər iki meydan qələbəyə aparır - ŞƏRH

17 Okt, 2020
23:31
14098

Hərb və diplomatiya meydanında mərdcəsinə döyüşən Azərbaycanı hər iki meydan qələbəyə aparır - ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oktyabrın 10-dan sonra humanitar atəşkəsə riayət etməyən ermənilərin Hadrut, Füzuli, Cəbrayıl, Xocavənd istiqamətlərində istənilən həmlələrinin qarşısı Milli Ordumuz tərəfindən qətiyyətlə alındı və son həftədə də bir sıra yaşayış məntəqələrimiz, o cümlədən Hadrut qəsəbəsi və Füzuli şəhəri işğaldan azad edildi.

Ermənilər bir daha anladılar ki, hər pozduqları atəşkəs bir yeni yaşayış məntəqəmizin, şəhərimizin azad olunması və yüzlərlə erməni əsgərinin, hərbi texnikasının məhv edilməsi deməkdir. Bu səbəbdən erməni tərəfi yenidən ağ bayraqla atəşkəs istədi.

Azərbaycan humanitar atəşkəsə yenə də sadiqdir. Və hazırkı humanitar atəşkəs oktyabrın 10-da Moskvada tərəflər arasında razılaşdırılmış prinsiplər əsasında əldə olunan humanitar atəşkəsin davamıdır.

Azərbaycan tərəfi yenidən humanistliyini nümayiş etdirərək Ermənistan tərəfinə çirkin əməllərindən geri çəkilməyə şans verir.

Azərbaycan Ordusunun torpaqlarımızın azad olunması istiqamətində irəliləməsinə baxmayaraq, Ermənistanı yenidən verdiyi şansdan yararlanmağa və Azərbaycana qarşı işğala son qoymağa çağırır.

Hərb və diplomatiya meydanında mərdcəsinə döyüşən Azərbaycanı hər iki meydan-həm hərb, həm də diplomatiya meydanı qələbəyə aparır. Çünki bizim üçün torpaqlarımızın işğaldan azad olunması, vətəndaşlarımızın təhlükəsiz şəraitdə yaşaması prinsipi dəyişməzdir.

Gəncədə və digər şəhərlərimizdə, eləcə də cəbhəyanı zonalara yaxın ərazilərdə yaşayan mülki əhali mütəmadi atəşə tutulsa da, bu bölgələrdəki insanlar sarsılmamış, əksinə mübarizə əzmləri daha da yüksəlmişdir. İstənilən şərtlərdə vətəndaşlarımız Prezident, Ali Baş komandan İlham Əliyevin hər bir qərarının arxasında mərdcəsinə birləşib və onun taktiki düşünülmüş addımlarını dəstəkləyir.

Hətta humanitar atəşkəs vəziyyəti belə insanlarımızda mübarizə əzmini qırmır, mülkü əhalimizin bir qədər dinc qalmalarını təmin etməklə növbəti mübarizə platformalarında Prezident, Ali Baş komandan ətrafında sıx birləşməyə imkan yaradır. 

Bununla Azərbaycan beynəlxalq ictimaiyyətə bir daha sübut edir ki, biz işğala sülh yolu ilə son qoyulmasının tərəfdarıyıq.

Bu gün taktiki gedişlər edən Ali Baş komandanın rəhbərliyi ilə düşmənə qarşı hansı məqamda hansı vasitəyə əl atacağımızı bilirik və bu vasitələrin hamısının qələbə naminə edildiyinə də əminik.

Bu gün bütün Azərbaycan “Qarabağ Azərbaycandır!” şüarı altında Prezident, Ali Baş komandan ətrafında səfərbər olub. Danışıqlar masasında və hərb meydanında bütün addımların “Qarabağ Azərbaycandır!” şüarı naminə atıldığına əmindir.

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri