May
2019
17:41
428
64
7904
Virtual karabakh

Hacı Əliyev: “Instagram”dan yazan qızlara cavab vermirəm - VİDEO

8 May, 2019
17:41
7904

Hacı Əliyev: “Instagram”dan yazan qızlara cavab vermirəm - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sərbəst güləş üzrə üçqat dünya çempionumuz Hacı Əliyev ötən ay Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında qalib oldu. Bununla da o, üçqat qitə birinciliyinin də qalibi adını qazandı.

Oxu.AzBaku TV tanınmış güləşçimizdən fərqli formatda müsahibə götürüb.

– İnsanlarda xoşladığınız üç cəhət...

(uzun müddət fikirləşir) İnsanların mənə qarşı dürüst olmaları, qalib olduğum zaman məni təbrik etmələri, məğlub olduğum zaman məni dəstəkləmələri.

– Güləşdə xoşladığınız fənd...

– Dəyirman fəndi.

– Olimpiadada bürünc medal, yoxsa dünya çempionatında qazanılan qızıl medal?

– Dünya çempionatında qazandığım üç qızıl medal.

– Dollar, manat, yoxsa avro?

– Manat milli pulumuzdur. Amma dolları seçərdim.

– Futbolda ən çox xoşladığınız şey...

– Penaltidən qol vurmaq. Həmişə də kənara vururam (gülür). Bir də uzaqdan vurulan qollar.

– Bəs ən çox xoşlamadığınız şey?

– Oyundankənar vəziyyəti və cərimə olmadığı halda oyunun saxlanılaraq tempinin öldürülməsini xoşlamıram.

– Sizinlə kimsə şit zarafat edəndə ona nə edirsiniz?

– Onun zarafatına fikir vermirəm.

– Kriştianu Ronaldu karyerasını bitirdikdən sonra hansı futbolçunu seçmək qərarına gəlmisiniz?

– Gözümdə hələlik belə bir futbolçu yoxdur. Hələlik heç kim ona yaxın gəlmir.

– “Ford”, “Ferrari”, yoxsa “Mercedes”?

– “Mercedes” kənardan baxımlı görünür. Özümdə də bu maşındır. Amma “Ferrari” deyərdim.

– Ən yüksək sürətiniz...

– Hava limanı yolunda sürətim 200-220 olub.

– Futbolçu olsaydınız, Azərbaycanda hansı futbolçu kimi oynayardınız?

– Futbolçu olsaydım, seçilərdim. Solaxay olduğum üçün Azərbaycan futbolunda özüm kimi oynayan birini görmürəm.

– Sevincdən ağlamaq, yoxsa kefindən gülmək?

– Nə qədər sevincli olsa da, ağlamağı sevmirəm. Kefindən gülməyi deyərdim.

– Dolma, dovğa, yoxsa kabab?

– Dovğa. Bu dəqiqə olsa, onu yeyərdim (gülür).

– Açıq-saçıq paltar geyinən qız görəndə neyləyirsiniz?

– Sözsüz ki, birinci dəfə hamının gözünə sataşır. Çalışıram ki, ikinci dəfə ona baxmayım.

– Domino, nərd, yoxsa şahmat?

– Nərd və şahmatı bacarmıram. Amma dominonu yaxşı oynayıram.

– Dominoda ən çox qalib gəldiyiniz məşhur sima kim olub?

– Cəbrayıl Həsənov. Tərəf müqabilim də sərbəst güləş yığmamızın məşqçisi Arif Abdullayev olur.

– Rep, rok, yoxsa segah?

– Segah. Rep və rok mənə çatmır.

– Ən xoşladığınız musiqi?

– Xalq mahnılarımız, muğamlarımız.

– Səhər məşqə durarkən, yəqin ki, deyinirsiniz. Bu zaman hansı sözlərdən istifadə edirsiniz?

– Həmişə deyirəm ki, “budilnik”in (zəngli saat) səsi yenə gəldi (gülür).

– “Quran”, yoxsa dinin tarixinə aid kitab?

– Sözsüz ki, “Quran”.

– Təyyarədə oturarkən xoşladığınız yer...

– Ayna tərəfdə oturmağı heç xoşlamıram. Yalnız kənarda oturmağı xoşlayıram. Orada özümü daha rahat hiss edirəm.

– Stüardessaların hansı sözü sizi qıcıqlandırır?

– “Kəmərləri bağlayın” sözü.

– Qorxulu yuxu gördükdən sonra ilk etdiyiniz şey...

– “Bismillah” deyib, yuxudan ayılmaq. Amma tez-tez yuxular görmürəm.

– “Kurtlar Vadisi”, yoxsa “Eşkiya Dünyaya Hükümdar Olmaz”?

– “Kurtlar Vadisi”nə ilk vaxtlar baxmışam. Amma sonra çox uzatdılar deyə baxmadım. Ümumiyyətlə, serial və filmlərə çox baxan deyiləm.

– Telefonda hansı oyun oynayırsınız?

– “Counter Strike”. Cəbrayıl Həsənova da bu oyunu öyrətmişəm.

– Ən çox qazandığınız pul nə vaxt olub?

– Olimpiadada bürünc medal qazandıqdan sonra.

– Sosial şəbəkədə qızlar sizə yazanda cavabınız nə olur?

– Cavab vermirəm.

– Bakıda ailənizi istirahət üçün apardığınız yer...

– Evimiz “Gəncliy”ə yaxın olduğu üçün “Gənclik Mall”.

– Haqqınızda danışılan hansı xəbərə gülmüsünüz?

– Bir dəfə toyda iki fərqli zərfə zarafata bir və beş manat qoymuşdum. Toydan bir il keçsə də, ev sahibi zəng vurub deyib ki, sənə görə altı manat qabağa düşmüşük (gülür).

– Toyda rəqs etmək bacarığınız var?

– Musiqi duyumum olsa da, oynamaqla tutuzdura bilmirəm. Ümumiyyətlə, rəqsi çox xoşlamıram.

– Yalan danışırsınız?

– Böyük yalanlar heç vaxt danışmamışam. Amma ailədə problem yaranmasın deyə kiçik yalanlar danışmışam.

Səbuhi MUSAYEV
Video: Valeh Arifoğlu

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri