Apr
2020
17:05
34
305
2829
Virtual karabakh

Təxirə salınmış Bakıdakı “Formula-1” yarışı hansı tarixə salına bilər? - MÜTƏXƏSSİS RƏYİ

1 Apr, 2020
17:05
2829

Təxirə salınmış Bakıdakı “Formula-1” yarışı hansı tarixə salına bilər? - MÜTƏXƏSSİS RƏYİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İndi “Formula-1” çempionatı üçün yenilənmiş təqvim hazırlanır. Versiyalardan birinə görə, çempionat avqustdan başlayacaq və 2021-ci ilin fevralınadək davam edəcək. Sonra iki aylıq fasilə olacaq və apreldən 2021-ci ilin mövsümü başlayacaq.

Maşınlar üzərində işləmək qadağan olunacaq. Eyni maşınlarla mövsüm davam etdiriləcək. 2021-ci ildən tətbiq olunmalı yeni reqlamentin tələblərinə isə 2022-ci ildə riayət olunacaq”.

Bunu Oxu.Az-a “Formula-1” üzrə mütəxəssis, “İdman TV”də bu yarışın şərhçilərindən olan Rəhim Əliyev deyib.

Avstraliya (15 mart) və Monako (24 may) Qran-Priləri ləğv olunub. Bəhreyn (22 mart), Vyetnam (5 aprel), Çin (19 aprel), Niderland (3 may) və İspaniya (10 may) Qran-Priləri isə təxirə salınıb. Sonuncu təxirə salınan yarış isə 5-7 iyun tarixlərində baş tutmalı olan Azərbaycan Qran-Prisi olub. 

Yerdə isə 14 yarış qalıb. Mövsümə iyunun 14-də Monreal şəhərində Kanada Qran-Prisi ilə start veriləcəyi də sual altındadır. Çünki böyük ehtimalla, bu yarış da təxirə salınacaq.

Ümumiyyətlə, mövsümə avqustda başlanılacağı halda, Fransa (28 iyun), Avstriya (5 iyul), Britaniya (19 iyul) Qran-Prilərinin də təxirə salınacağı gözlənilir. Təxirə salınmış altı yarışın, xüsusən Azərbaycan Qran-Prisinin hansı tarixə keçirilməsi bizim üçün böyük maraq kəsb edir.

“Hər promouter öz yarışı üçün təqvimdə normal vaxt almağa çalışır. Məsələn, yarışın Bakıda iyunda keçirilməsi bizim üçün daha uyğun idi. Amma “Formula-1” rəhbərliyi (FOM) təklif edə bilər ki, noyabrda keçirilsin. Bu isə bizə uyğun tarix deyil. Bizdə iyul-avqust ayları çox isti keçir.

Bakı Şəhər Halqasının rəhbəri Arif Rəhimov bildirmişdi ki, məktəbləri nəzərə almalıyıq. Əgər bizdə yeni dərs ili sentyabrın 15-i başlayacaqsa, həmin ayın əvvəlləri keçirmək daha məqsədəuyğun olar. Çempionat keçirilsin deyə, FOM-un müəyyən güzəştlərə getməsi gözlənilir. Mütləq şəkildə Qran-Pri təşkilatçılarının fikirləri öyrənilməlidir”, – deyə R.Əliyev bildirib.

Aydın məsələdir ki, çempionatın sıx qrafiklə keçirilməsi istənilən effekti verməyəcək. Bəs “Formula-1” rəhbərliyi onsuz da başlamamış mövsümü niyə mütləq şəkildə keçirməkdə bu qədər israrlıdır? Bu suala cavabı R.Əliyevin köməyi ilə tapmağa çalışdıq:

“Həm çempionatın, həm də komandaların əsas gəlir yeri promouterlərin ödəmələridir. Bu mövsüm baş tutmasa, dörd zavod komandasını (“Ferrari”, “Mercedes”, “Renault” və “Red Bull Racing-Honda”) çıxsaq, yerdə qalan altı komanda müflis ola bilər. Ona görə də FOM və onun məxsus olduğu “Liberty Media” şirkəti böyük maliyyə vəsaiti ayırmalıdır ki, komandaları gələn ilə saxlaya bilsin. Bu isə inandırıcı görünmür. Komandalarda orta hesabla 700-750 adam çalışır. Bunların aylıq maaşları isə kifayət qədər böyük məbləğ edir. Bu üzdən də həm komandalar, həm də FOM yaşamaq üçün bu mövsümü mütləq şəkildə keçirmək istəyir.

FOM təxirə salınmış yarışların promouterlərinə güzəşt edəcək. Hətta üçgünlük yarışın zamanını iki günə endirməklə və hər həftəyə bir yarış salmaqla, cari mövsümü keçirmək prioritet məsələ olaraq qalır. Amma yenə də hər şey koronavirusun inkişaf dinamikasından asılı olacaq.

Fikrimcə, bu bəla avqustadək davam etsə və “Formula-1” yarışı o vaxtadək başlaya bilməsə, çox güman ki, 2020-ci il mövsümü olmayacaq. Avqustda əslində, çempionatda fasilə olmalı idi. Amma koronavirusa görə, fasilə ayı kimi mart-aprel ayları qəbul edildi. 

Avqustdan çempionat başlasa və həftədə bir yarış baş tutsa, 15-16 yarış keçirmək mümkündür. 12 yarış keçirmək çempionat statusunu almaq və qalibi müəyyən etmək üçün kifayətdir”.

Səbuhi Musayev

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri