25 
Apr
2024
17:19
41
115
1203
Virtual karabakh

Bərdədə sakinlərin zibil poliqonuna çevirdikləri ərazi təmizlənəcək - RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO

25 Apr, 2024
17:19
1203

Bərdədə sakinlərin zibil poliqonuna çevirdikləri ərazi təmizlənəcək - RƏSMİ AÇIQLAMA - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bərdə rayonunun Kələntərli qəsəbəsində ərazinin məişət tullantılarından təmizlənməsi ilə bağlı tədbirlər görüləcək. 

Bu barədə Oxu.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.

Bildirilib ki, tullantıların idarə olunmasına  cavabdeh qurum tərəfindən əməkdaşlarımızın nəzarəti altında ərazidəki tullantıların təmizlənməsi təmin olunacaq:

“Təəssüf ki, tullantıların ətrafa atılması, qalaqlanması ilə bağlı davamlı olaraq danışılır, yazılır, örnək üçün maarifləndirici təmizlik aksiyaları keçirilir. Amma yenə də tullantıların hara gəldi atılmasına rast gəlinir, xoşagəlməz mənzərələr müşahidə olunur.

Dəfələrlə şahidi oluruq ki, tullantılardan təmizlənən ərazi bir müddətdən sonra yenə də tullantılarla çirkəndirilir.

Tullantıları atanlar da əsasən ətrafda yaşayanlar olur. Əfsuslar ki, əksər hallarda “mən atmıram” deyə,  cavablar eşidilir. Düzdür, tullantıların idarə edilməsinə cavabdeh olan qurumların səhlənkar münasibəti də var. Bu hallar da nəticədə belə xoşagəlməz mənzərəyə gətirib çıxarır”.

15:24

Bərdə rayonunun Kələntərli qəsəbəsinin sakinləri əraziyə atılan tullantıların daşınmaması səbəbindən antisanitar vəziyyət yarandığından gileylənirlər.

Qəsəbə sakini Sabir Qabilli şikayətlərini Oxu.Az-ın redaksiyasına ünvanlayıb.

Sakin qəsəbə ərazisində heç bir təmizlik işinin görülmədiyini dilə gətirib:

“Bərdə rayonu, Kələntərli qəsəbəsində məişət tullantıları antisanitar vəziyyətin yaranmasına səbəb olub. Yeddi ildir ki, əraziyə atılan tullantıların daşınmaması səbəbindən pis vəziyyət yaranıb. Ərazi zibil yuvasına çevrilib”.

Sakin ərazidə sahibsiz itlərin olduğunu da qeyd edib.

“Şikayətlərimizə baxan yoxdur. Ərazidə heç bir təmizlik işləri görülmür. Məsələ ilə bağlı Bərdə Rayon İcra Hakimiyyətinə məlumat verilməsinə baxmayaraq, cavab olaraq ərazinin onların nəzərində olmaması bildirilir”, - deyə S. Qabilli əlavə edib.

Məsələ ilə bağlı Bərdə Rayon İcra Hakimiyyətinə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) sorğu ünvanlanıb.

Həmin görüntüləri təqdim edirik:

Nəzrin Vahid, Aytac Qasımova

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri