12 
Avq
2022
15:08
448
27
4283
Virtual karabakh

Xaricdə yeddi universitetə qəbul olan Səbinə: “Uşaqlar üçün xəstəxana açmağı düşünürəm” - MÜSAHİBƏ

12 Avq, 2022
15:08
4283

Xaricdə yeddi universitetə qəbul olan Səbinə: “Uşaqlar üçün xəstəxana açmağı düşünürəm” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Xəyallarımın əsası öz ölkəmə qayıdıb, ürək xəstəliyindən əziyyət çəkən uşaqlara kömək etməkdir. Maddi çətinlik baxımından bu xəstəlikdən bir çox uşaq dünyasını dəyişib. Ona görə Azərbaycanda həmin uşaqlar üçün tam təmənnasız xidmət göstərən bir xəstəxana açmağı düşünürəm”. 

Bu barədə Oxu.Az-a açıqlamasında ABŞ da daxil olmaqla dörd ayrı ölkənin yeddi nüfuzlu universitetinə qəbul olmuş azərbaycanlı yeniyetmə Səbinə Səmədova deyib.

Səbinə ilə onun təhsil yolu və bundan sonrakı planları barədə danışdıq. Həmin müsahibəni təqdim edirik:

- Səbinə, zəhmət olmasa, özünüz barədə məlumat verərdiniz.

- 2005-ci ildə Ağsu şəhərinin Qaraqaşlı kəndində doğulmuşam, 2022-ci ildə isə Ağsu rayon 5 saylı tam orta məktəbi bitirmişəm. 2020-ci ildə xaricdə oxumaq üçün bir neçə addımlar atdım. Bunlardan biri də özəl kursa getmək idi. Daha sonra “High school” adlı bir proqrama baş vurub həmin proqramdan qəbul aldım. Bu proqram mənə Kanadanın 12-ci sinif məktəb diplomunu təqdim edib. 

- Dünyanın dörd ölkəsindən yeddi universitetə qəbul almısınız. Hansını seçdiniz?

- ABŞ-ın Ohayo ştatında yerləşən Klivlend Universitetində tibb sahəsini seçdim. O, mənim istədiyim ilk universitetlərdən biri idi.  

- Kanada təhsili barədə daha ətraflı danışardınız.

- Özəl kurs vasitəsilə yuxarıda qeyd etdiyim proqramla təhsil almaq imkanı əldə etdim. Lakin dərslər əyani deyil, onlayn şəkildə tədris olunurdu. 

- Universitetə hazırlıq prosesiniz necə oldu? Harada və necə hazırlaşdınız?

- “Duolingo” imtahanı verdim, eyni zamanda “High school” diplomumla xaricdəki universitetlərə qəbul üçün müraciət etdim. Bu iki sənədlə etdiyim müraciətlə yeddi universitetdən qəbul aldım. 

- Nə qədər müddət hazırlaşmısınız? 

- Xaricdə təhsil mövzusunu 6-cı sinifdən araşdırıram. Sözügedən müddət bir qədər uzun prosesdir. Amma tam olaraq qərarı 2022-ci ildə verdim və hazırlaşmağa başladım.

- Azərbaycanda universitetə qəbul imtahanı vermişdiniz?

- Ölkədə universitetə qəbul imtahanı verməmişəm. Çünki imtahan zamanı mən artıq xarici universitetlərdən qəbul almışdım. 

- Gələcək planlarınız nədir?

- İlk planım oxumaq üçün seçdiyim Klivlend Universitetindən bir neçə semestr sonra Harvard Universitetinə keçid almaqdır. Daha sonra həmin universiteti də yüksək nəticələrlə bitirib işə qəbul olmaq və dünyada tanınmış ürək cərrahı kimi fəaliyyət göstərməkdir. Xəyallarımın ən əsası isə özümə məxsus xəstəxanamın olmasıdır. 

- Ölkəyə qayıtmağı düşünürsünüz?

- Bəli, düşünürəm. Çünki xəyallarımın əsasını öz ölkəmə qayıdıb, ürək xəstəliyindən əziyyət çəkən uşaqlara kömək etmək təşkil edir. Maddi çətinlik baxımından bu xəstəlikdən bir çox uşaq dünyasını dəyişib. Buna görə Azərbaycanda onlar üçün tam təmənnasız xidmət göstərən bir xəstəxana açmağı düşünürəm.  

Aysel Aslanqızı

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri