Ölümə qaçan piyadalar, qətliam kimi qəzalar: Həyatımızın səhvini harada edirik? - ARAŞDIRMA + FOTO
Ölümə qaçan piyadalar, qətliam kimi qəzalar: Həyatımızın səhvini harada edirik? - ARAŞDIRMA + FOTO
Son vaxtlar ölkə ərazisində yol-nəqliyyat hadisələrinin sayı artıb.
Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis mayoru Rövşən Tağıyev Oxu.Az-a açıqlamasında bildirib ki, baş verən qəzalar zamanı yeddi nəfər həlak olub, iki nəfər isə yaralanıb:
Ümumilikdə piyada vurma hadisələrinin 90 faizdən çoxu məhz piyada keçidlərindən kənarda baş verir. Yol hərəkəti iştirakçılarının böyük bir hissəsini təşkil edən piyadaların yolu nəzərdə tutulmayan yerlərdən keçmələri hələ də özlərinin və başqalarının həyat və sağlamlığına qarşı biganəliyin hökm sürdüyündən xəbər verir.
“İnsan yönümlü şəhərlər” layihəsinin təmsilçisi Arzu Süleymanovun sözlərinə görə, qlobal miqyasda yol-nəqliyyat hadisələri hər il təxminən 1,3 milyon ölümə və təqribən 50 milyon yaralanmaya səbəb olur ki, bu da bütün dünyada uşaq və gənclərin əsas qatilinə çevrilir:
Sadəcə xəbərləri izləməklə də orta statistikanı müəyyən etmək olar. Yol-nəqliyyat hadisələrinin əsas qurbanı da piyadalardır. İlk olaraq biz anlamalıyıq ki, şəhərdə hamı piyadadır, hətta sürücü də avtomobilinə minənə qədər və avtomobilindən düşdükdən sonra piyada olur. Yol-nəqliyyat hadisələri zamanı bütün hərəkət iştrakçılarının təhlükəsizliyini təmin edən müasir dünyada “Vision Zero” konsepsiyasının (beynəlxalq səviyyədə qəbul edilmiş Yol Hərəkətinin Təhlükəsizliyi üzrə konsepsiya) sistematik təhlükəsizlik prinsipidir.
Bu konsepsiyanın əsas məqsədi yol-nəqliyyat qəzalarının sayını minimuma endirməklə, bu qəzaların nəticəsində baş vermiş ölümlərin və sağlamlığa dəymiş ciddi xəsarətlərin sıfıra endirilməsidir. Bu proqram ilk dəfə 1997-ci ildə İsveçdə qəbul edilib və əldə edilən uğurlu nəticələri nəzərə alınaraq dünyanın bir neçə iri şəhərində və inkişaf etmiş dövlətlərdə (ABŞ, Kanada, Niderland, Böyük Britaniya və s.) nümunəvi proqram kimi qəbul olunub.
Əsas prinsip belədir: “Həyat və sağlamlıq ən ali dəyərdir və heç bir digər ictimai maraq insan həyatından üstün ola bilməz”. İnsanlar qəsdən və ya bilmədən səhvlərə yol verirlər. Bu amil qaçılmazdır və məhz bu səbəbdən yol infrastrukturu və müvafiq nəqliyyat siyasətləri elə qurulmalıdır ki, ani səhvlər insan tələfatına və ya ciddi xəsarətlərə qətirib çıxarmasın.
Eyni zamanda, insan orqanizmi həssasdır, o, avtomobillə toqquşmaya tab gətirə bilmir. Yol hərəkətini təşkil edənlər, yol-nəqliyyat infrastrukturunu quranlar və müvafiq qanunvericiliyi qəbul edənlər (və ya qəbul etməyənlər) məsuliyyəti yol hərəkəti iştirakçıları ilə bölüşməlidirlər”.
“Konsepsiyada vurğulanır ki, şəhərdə hamı üçün rahat və əlçatan piyada infrastrukturu olmalıdır. Burada yeraltı və yerüstü piyada keçidləri müasir yanaşmada qəbul edilmir. Şəhər küçələrində tam maneəsiz və baryersiz mühit yaradılmalıdır, eyni zamanda, piyada keçidlərinin yerlərinin təyin olunması prosesində insan axını nəzərə alınmalıdır”.
“Şəhər əhalisinin mobilliyi birinci növbədə ictimai nəqliyyat tərəfindən qarşılanmalıdır. İctimai nəqliyyat öz rahatlığı, sürəti, təhlükəsizliyi və etibarlılığı ilə sərnişinləri cəlb etməlidir. Şəxsi avtomobillərin günün pik saatlarında istifadəsi xüsusi çəkindirmə alətləri vasitəsilə azaldılmalıdır. Şəhər parkinq siyasətini tətbiq edərək iqtisadi metodlarla sürücüləri gündəlik avtomobil istifadəsindən çəkindirməyə çalışmalıdır”.
Yüksək sürətlə hərəkət edən nəqliyyat vasitəsinin piyada və velosipedçilərə də təsiri böyükdür. Məsələn, avtomobil 30 km/saat sürətlə hərəkət edirsə və piyadanı vurursa, piyadanın 90 faiz sağ qalma ehtimalı var, lakin sürət 45 km/saat olanda sağ qalma ehtimalı 50 faizə enir. Sürət 80 km/saat və daha çox olanda piyadanın artıq heç bir şansı yoxdur. Küçə-yol şəbəkəsində icazə verilən sürətləri optimallaşdırmaq və səmərəli şəkildə nəzarət etmək (radar, kamera və s.) vacibdir.
|
Küçə-yol şəbəkəsinin növü |
Maksimal sürət |
1. |
Yerli küçələr (məhəllələrarası, sıx yaşayış olan ərazilər) |
30 km/s |
2. |
Əsas şəhər küçələri (eyni səviyyəli kəsişmələrin olduğu küçələr) |
50 km/s |
3. |
Ayırıcı zolağın olmadığı şəhərdənkənar yollar |
70 km/s |
4. |
1-ci və 2-ci kateqoriyalı yollar |
100 km/s-dan çox |
“Bu planın “Yol təhlükəsizliyi üçün ortaq məsuliyyət” bölməsində siz “məsuliyyətsiz sürücü”, “səriştəsiz sürücü”, “məsuliyyətsiz piyada” ifadələrini görə bilməzsiniz. Əksinə, “Hökumətin rolu” bölməsində - hökumət (milli və yerli) vətəndaşların yol hərəkəti təhlükəsizliyini təmin etmək üçün əsas məsuliyyəti daşıyır. Bu plana əsasən, davamlı yol hərəkəti təhlükəsizliyi sistemi yaradılmalıdır.
Davamlı şəkildə təhlükəsiz yol hərəkəti sistemində hökumət qəzasız hərəkət sistemi üçün son məsuliyyəti öz üzərinə götürməlidir. Bu sistemdə hər bir uşaq düzgün məhəllə planlaması, təhlükəsiz yol planı, təhlükəsiz sürət və kifayət qədər fiziki qorunma sayəsində məktəbə təhlükəsiz şəkildə piyada və ya velosipedlə gedə bilər”.
İlhamə Əbülfət