14 
May
2022
12:19
167
30
4809
Virtual karabakh

Professor Rafiq Əliyev: “O vaxt ingilis dilim yaxşı olsaydı, bugünkündən də çox qazanardım” - FOTO

14 May, 2022
12:19
4809

Professor Rafiq Əliyev: “O vaxt ingilis dilim yaxşı olsaydı, bugünkündən də çox qazanardım” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Şəhər Təhsil İdarəsi tərəfindən reallaşdırılan, “Kaspi qəzeti”nin informasiya dəstəyi ilə həyata keçirilən “Məktəbdə” layihəsinin ilk qonağı texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, “Zadə irsi və süni intellekt” Assosiasiyasının rəhbəri Rafiq Əliyev oldu.

Dünyanın müxtəlif dillərində çap olunan 76 kitabın müəllifi, 200-dən çox fəlsəfə doktoru və elmlər doktoru yetişdirən, tələbələrinin sorağı dünyanın dörd bir yanından eşidilən alimin “Məktəbdə”ki görüşü səmimi və yaddaqalan dialoq idi. 18 saylı məktəbin görüş məkanı akademikin mühazirə oxuduğu ABŞ və ya digər ölkələrin nüfuzlu universitetlərinin geniş zallarına bənzəmirdi. Bu auditoriyada o yeniyetmə şagirdlərin maraq dolu baxışları ilə üz-üzə idi. Onların elm, təhsil, həyatla bağlı suallarını cavablandırırdı. Alim kimi tövsiyələrini, ağsaqqal kimi öyüdlərini verirdi. “Məktəbdə” baş tutan görüş müstəqil həyatın astanasında olan şagirdlər üçün unudulmaz dərs oldu...

”Xahiş edirəm, heç kim ayağa qalxmasın”- deyə məktəbin zalına daxil olanda dediyi sözlərin fəlsəfəsini özü izah etdi:

“Təxminən 60-65 ildir ki, auditoriyaya girirəm. Bu illər ərzində içəri daxil olanda tələbələri ayağa durmağa qoymamışam. Hətta bununla bağlı “Rafiq müəllim düz deyir, yoxsa yox?”- deyə sosial şəbəkələrdə müzakirələr də getdi. Bir xeyli insan “düz demir, bu, Azərbaycanın adət-ənənəsidir, böyüyə hörmətdir”- deyə etiraz etdi. Mən istədim ki, tələbələrimin içində bir azadlıq olsun, sərbəst olsunlar. Mənim ümidim həmişə gənclərədir. Mən bu uşaqlar arasında lütfizadələr də görürəm. Özünüzə inam olsun. Bu millət, bu xalq çox istedadlıdır. Xüsusən, fərdləri çox istedadlıdır. İnşallah, bir gün “xor” oxuya biləcəyik. Dahi Üzeyir bəyin 1946-cı ildə “Azərbaycan musiqi nəzəriyyəsi” adlı kitabı Azərbaycan və rus dilində işıq üzü gördü. Əsərdə qeyd edilir ki, Azərbaycan musiqisində çoxsəslilik yoxdur. Yəni xor yoxdur. Xor kilsədən gəlir. Mən din adamı deyiləm, dini ayinləri də icra etmirəm, amma imanım dinimdən yüksəkdir. Allahı həmişə başımın üstündə görürəm. Bizdə futbol yoxdur, amma güləş var, yəni fərdilik var. Bu millətin fərdi istedadı çoxdur. Allahdan arzum budur ki, elə inkişaf edək ki, yaxşı xor oxuya bilək”.

“Fərdlərin istedadı əvvəllər də olub. Bəs toplu inkişaf nə zaman olacaq?”- deyə şagirdlərdən birinin sualı alimi xeyli düşündürdü:

“Bu, sizdən asılıdır. Allah eləsin, sizin içərinizdəki “mən” “biz”dən bir az aşağı olsun. Niyə futbolda komanda şəklində oynaya bilmirik? “Mən vurum” istəyi mane olur. Amma topu ötürsəydi, başqası vurardı. İçərimizdəki izafi “mən” qoymur. Nə zaman ki “biz” içimizdəki “mən”dən bir az yuxarı olacaq, onda xor oxuyacağıq. Onda futbolumuz da olacaq, elmimiz də inkişaf edəcək, yüksək təhsilimiz də olacaq. Dünyada monoton həyat yoxdur. Müəllimim Zadənin bir sözü var: həyat gül-çiçək içərisində qoyulmuş çarpayıda keçən ömür deyil. Onun gözləmədiyin dolanbacları var. İndi mənim 16 yaşım olsaydı, daha dərin təhsil haqqında düşünərdim. O vaxt ingilis dilim yaxşı olsaydı, bugünkündən də çox qazanardım. Az-çox danışa bilirdim, amma ingilis dili mühitimiz yox idi. Çox dil bilmək yaxşı şeydir, amma bu gün bütün dünyada təhsilin və elmin dili ingilis dilidir. Əgər gələcəyinizin uğurlu olmasını istəyirsinizsə, ingilis dilinə fikir verin. Harvard, Kaliforniya və digər universitetlərdə sizləri böyük məmnuniyyətlə istəyirlər”.

 

“Elmimiz niyə inkişaf etmir?”- deyə şagirdlər maraqlandılar:

“Həyat elə gətirib ki, çevrəm, dostlarım, əsasən yazıçılar, bəstəkarlar, şairlər, elm adamlarıdır. Ən yaxın dostlarım Anar, Ramiz Həsənoğlu, Ramiz Rövşən, Cavanşir Quliyevdir. Bir az tarixə ekskursiya edin: görəcəksiniz ki, bəşəriyyəti ziqzaqlardan həmişə elm adamları çıxarıb. Ədəbiyyat da, musiqi də, incəsənət də gözəl şeydir. Ancaq fikir verin, pandemiya oldu. Bütün bəşəriyyət “nə vaxt vaksin hazırlayacaqlar?” deyə gözlədi. Mən də dedim ki, Messini, Ronaldunu çağırın, onlara milyardlar verirsiniz, gəlib bəşəriyyəti xilas eləsinlər. Bu gün, şükür, maska taxmırıq. Bunu kim elədi? Elm! Ona görə də birinci tövsiyəm yüksək təhsillə bağlıdır. Elmin kökü təhsildir. Təhsil varsa, elm olacaq. Təhsilin keyfiyyəti yüksəlməlidir. Bu, təkcə məktəb rəhbərliyindən və ya məktəbin təmirli binasından asılı deyil. Fərdin özünün istəyindən və motivasiyasından asılıdır. Elm isə bu və ya digər ölkəni həmişə ağ günə çıxarar. Mənim müəllimim, dostum, həm də dünyanın böyük dostu Lütfizadəni tanımayan yoxdur. Bir dəfə azərbaycanlı jurnalist ondan “Azərbaycanın gələcəyini necə görürsünüz?”- deyə soruşdu. Böyük alim dedi ki, Cənubi Koreyaya baxın. 30-40 il bundan qabaq cəmi 3 milyard büdcəsi vardı. Son dərəcə kasıb bir dövlət idi. Bu gün isə dünyanın iqtisadi inkişaf nöqteyi-nəzərindən inkişaf etmiş ölkəsidir. Nefti, qızılı, kömürü yoxdur. Beyni var. Təkcə “Samsung” firmasının elmə ayırdığı pul Yaponiya və Çin istisna olmaqla bütün Şərq ölkələrinin bu sahəyə ayırdığı puldan çoxdur. Orda top universitetlər də var. Düzdür, təhsilin və elmin Məkkəsi ABŞ-dır. Yüz top universitet götürsəniz onların 80-85-i ABŞ-dadır. Orada işləyən və yaşayan bir insan kimi deyə bilərəm ki, ABŞ elminin böyük bir hissəsi İran, Azərbaycan, Hindistandan gələn alimlərin çiyinlərindədir. Dünyada həmişə bəşəriyyəti çətin vəziyyətdən elm çıxarıb. Azərbaycanda elm inkişaf edəcəksə, adambaşına düşən ÜDM də fərqli olacaq, həyat səviyyəsi də yüksələcək, ölkənin nüfuzu qalxacaq. O ölkədə ki, elmə 0,2 faizdən aşağı ayırmalar var, elm ölkənin iqtisadiyyatına təsir eləməz. Biz 2005-ci ildə Boloniya sisteminə keçdik. Bu sistemdəki proqramlar dünyanın inkişafına uyğundur. Qoy məndən inciməsinlər, amma bizim təhsildə bu sistemə keçə bilmədilər. Çünki şüurlarda inqilab olmadı. Yəni dəyişə bilmirik. Avropada isə dünyanın inkişaf bazarının arxasınca gedə bilirlər. Məsələn, bu gün Azərbaycanda neçə nəfər 4-cü Sənaye inqilabı haqqında bilir? Ancaq onlar beş ildir ki, bu dərsi keçir və ixtisası hazırlayırlar. Cəfər Cabbarlının “Firuzə” hekayəsini oxumusunuzmu? Şüurlarda inqilab lazımdır. Şüur dəyişməsə, heç nə dəyişən deyil”.

Şagirdlərdən birinin “Sizin gənclik illərinizdəki şagirdlərlə bugünkü dövrün şagirdlərinin fərqi nədir? Hansılar daha istedadlıdırlar?” sualına alimin cavabı belə oldu:

“İstedad Allahın verdiyidir. Bu gün internet həm elmdə, həm təhsildə, həm insanların həyatında inqilab yaratdı. Bu gün dünya sənin ovcundadır. O zaman elektron qəzetlər, saytlar yox idi. Hətta kompüterə əl vurmağa ehtiyat edirdilər. Bəyəm bizim vaxtımızda “Nyu-York Times”a çıxıb oxumaq olurdu? Bu gün asanlıqla oxuya bilərsiniz. İstənilən kitabxananın giriş kodunu qırıb oxuya bilərsiniz. Proqram təminatlarından pulsuz istifadə edirsiniz. O zaman dünya uzaq idi, amma fərdi inkişaf çox idi. Bu gün bilmirəm ki, həmin internet resurslarının neçə faizini təhsilə, elmə və ya oyunlara sərf edirlər. Azərbaycanda 90-cı illərdə Zahid Xəlilov, Yusif Məmmədəliyev, Kərim Kərimov, Lütfizadə, Xudu Məmmədov, İbrahim İbrahimov və b. kimi görkəmli alimlər olub. Amma 90-cı illərdən sonra alimlərin adını saya bilmirəm. İnternet çıxandan bəri saya bilmirəm. O saydıqlarımın hamısı kənddə anadan olublar. Lampa işığında oxuyublar. Amma o vaxt bir həvəs vardı, motivasiya daha çox idi. Elm və təhsilin inkişafı üçün sosial sifariş olmalıdır. Xudu Məmmədov deyirdi ki, siz zəif tələbələrdən yapışın, çünki onlar sabah gəlib sizin müdiriniz olacaq. İndi görürsən ki, Xudu müəllim düz deyirmiş. O vaxt isə təhsilli, elmli adamlara sifariş daha çox idi”.

Akademik uşaqlığında ona motivasiya verən, elm yoluna yönəldən xatirələrindən də danışdı:

“Mən kənddə doğulmuşam. Ağdamın Novruzlu kəndində. Beş yaşına qədər orada yaşamışam. Atam zavod direktoru idi. Kənddə ipəkqurdu saxlayırdıq. Onu gətirib təhvil verir, əvəzində kitab alırdıq və yaxud Moskvada aspiranturada oxuyanda cəmi bir alma ala bilirdik. Bu çətinlikləri görmüşük. Amma o çətinliklər mənə həmişə motivasiya verib. Çətinlik olmayan yerdə böyük uğurlar qazanmaq olmaz. Bu, katarsis kimidir. Bir fərd və ya millət də o katarsisdən keçmirsə, nə böyük millət, nə də böyük şəxsiyyət ola bilər”.

“Ağdam artıq işğaldan azad olunub. Hisslərinizi bilmək maraqlıdır...” sualı Rafiq Əliyevi xeyli kövrəltdi: “Mən hələ Ağdama getməmişəm” dedi.

“Bir neçə dəfə təkliflər olub. 20-25 nəfərin siyahısını yazıb göndərdik. Televiziyalardan gələn təkliflərə hələ “yox” deyirəm. “Nə vaxt mənim atamın məzarının üstü açılar, onda Ağdama gedərəm” deyə bildirmişəm. Gedib Ağdamda şəkil çəkdirim, TV kadrlarına düşüm - bu, mənlik deyil.

O vaxt ürəkdən gələn şeirlərim, pyeslərim, poemalarımın hamısı Qarabağda itib-getdi. Bizim vaxtımızda ədəbiyyat, riyaziyyat dərnəkləri vardı. Pyesləri səhnələşdirirdilər. O vaxt başqa bir motivasiya vardı. Kəndimizin bir tərəfində Xudu Məmmədov olurdu, o biri tərəfində dramaturq Əli Əmirli. Hər ikisi xalamoğludur. Arada bir dərə vardı. Bizim tərəfdə deyirdilər ki, dərənin o biri tərəfinə qız verməzlər. Bu genetik yaddaşımızda olan bir şeydir.

Bir yazımda yazmışam ki, ABŞ-ın, Kanadanın universitetlərində, doğma Təbriz Universitetində mühazirələrim olub. Amma o vaxt məktəbim Ağdam 1 nömrəli məktəbi idi. Mənim üçün əzəmətinə görə bütün o universitetlərdən yuxarıdır. Ən böyük hisslərim itkilərimlə əlaqədardır. İtkilərim çox olub.

R.Əliyev gənclərin “xaricdə oxumaq-yaşamaq yaxşıdır, yoxsa ölkəyə qayıtmaq” sualına da münasibət bildirdi:

“Xaricdə oxuyub, qayıdıb ölkəyə xidmət etmək lazımdır. Mən Almaniya universitetlərinə və ya Corciya Universitetinə çoxlu tələbələr göndərmişəm. Onların 10-15 faizi qayıdıb. Amma digərləri də qayıdacaqlar. Amma “nə vaxt?” sualına cavab verə bilmirəm. Bu, qeyri-səlisdir. Müdafiə edən tələbələrimin içərisində cəmi 1-2 nəfər ağdamlı var. Nə fərqi var, millət olmalıdır. ABŞ-da belə yanaşmalar yoxdur. ABŞ-ın Kaliforniya ştatının büdcəsi Rusiyanın büdcəsindən çoxdur. ABŞ heç nə istehsal eləmir, cəmi iki şeyi – “Boeing”i və bəzi hərbi silahları özündə saxlayıb. Qalan malları Çindən və başqa ölkələrdən alır”.

Akademik “Özümüzü necə motivasiya edək, ruhdan düşməyək?” - deyə soruşan şagirdlərə də tövsiyəsini əsirgəmədi:

“Heç zaman ruhdan düşməyin, daim inamlı olun. İstedadın qarşısını heç nə ala bilməz. Bu elə bir mənbədir ki, öz-özünə axıb gedəcək. Ona görə qəti bədgüman olmayın. Həyatda elə bir insan yoxdur ki, səhv eləməsin. Amma yadınızda qalsın: iki şeydə səhv etmək olmaz - bir ailə quranda, bir də sənət seçəndə. Sonradan bunların fəsadları çox olar. Sevginin gözü kor olur. Çox şeyi görmək olmur. Son qərar özünüzündür. Amma böyük məsləhəti də çox vacibdir. ABŞ-da həyat yoldaşını seçmə - “Wife selection” proqramı tədris olunur. Orada kriteriyalar din uyğunluğu, xarici gözəllik, mətbəx bacarığı, qaynana ilə yola getmək və sairdir. Bunlar harmoniya saxlamaq üçün çox vacibdir. Mən yazılarımda da yazmışam: mənim mentalım Qərb, əxlaqım Şərq əxlaqıdır. Mənim heç bir ölçüyə sığmayan, mənasız qısqanclığım var. Bunu tərgidə bilmirəm. Bu, Şərqdən gələn bir şeydir. İndi biz qərbdən surət götürürük, məzmun götürmürük”.

Akademik “Məktəbdə“n çox şey qazandığını etiraf etdi:

“Sizinlə görüşməyə çox şadam. Mənim əsas dostlarım gənclərdir. Çünki onlara sabah kimi, ümid kimi baxıram. Təfəkkür tərzimə uyğun - qeyri-səlis məntiqlə cavab versəm, bu görüşdən çox şey qazandım. Siz bir dost qazandınız, mən 90-dan çox dost qazandım. Məni özünüzə dost bilin. Bir baba, bir dost kimi həmişə müraciət edə bilərsiniz”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri