14 
Apr
2021
17:42
168
18
2869
Virtual karabakh

Zəfərin yaxın etdiyi uzaqdan - FOTOREPORTAJ

14 Apr, 2021
17:42
2869

Zəfərin yaxın etdiyi uzaqdan - FOTOREPORTAJ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

800 yaşı olan Şərq çinarlarının yanındayam. Çinar ermənilər tərəfindən yandırılsa da, ağacın köklərindən yeni pöhrələr boy verib. 800 il yaşı olan Çinar sanki bizə 30 ildə torpağın başına gələnləri danışır. 

Məhv edilmiş çinar Cəbrayıl rayonunda yerləşir. Çinarın yeni pöhrələrinin kövrək kölgəsi altında səfərimizin əvvəli yadıma düşür. Buraya məni hansı duyğuların gətirdiyini qəlbimdə hiss edirəm.

O yerləri çoxumuz əyani olaraq görməmişik. Ancaq görməsək də, orada bizə doğma olan və illərdir düşmən tapdağında inləyən yurd yerləri olduğunu bilirik.

İndi isə həsrətində olduğumuz o torpaqlar azad olub və biz səhər saat 06:00-da artıq Qubadlı, Cəbrayıl istiqamətinə yola düşürük.

Qarabağ bölgəsinə artıq bir neçə dəfə səfər etsəm də, hər dəfəsində daha çox həyəcan keçirirəm.

Media nümayəndələrinin Qarabağ bölgəsinə səfəri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı ilə baş tutub. 

Bu dəfə yolumuz Azərbaycanda “Qaçaq hərəkatı”nın fəal iştirakçısı olan Qaçaq Nəbinin vətəni Qubadlı və Cəbrayıl rayonlarınadır. 

Mənim üçün Cəbrayıl deyəndə ilk olaraq ağlıma jurnalist Naibə Qurbanova gəlir.

Cəbrayıl işğaldan azad olunan gün N.Qurbanovanın “Sevincdən ulamaq nədir, bilirsiniz? Bax, mən həmin an ulayırdım. Səsim bəlkə də ora qədər gedib çatdı - Sədiyə qədər” sözlərini oxudum.  

Çünki onlar Cəbrayıldan didərgin düşəndən sonra öz yurdlarının adını yaşatmaq üçün oğlunun adını Sədi qoyub...

Cəbrayıl rayonunun Böyük Mərcanlı, Əmirvarlı kəndlərində məhv edilmiş yaşıllıq sahələrinə baxış keçirdik. Mənfur düşmən ağacı kəsməsə də, onu yandıraraq məhv edib. Amma 800 yaşı olan Şərq çinarlarının yanan kötüklərinin ətrafı yenidən pöhrələnib.

Sözügedən ağac xüsusi qorunma statusu alıb. Qubadlı, Cəbrayıl, Füzuli və Zəngilan rayonlarında 35 Şərq çinarı olub. Bu rayonların hamısında ermənilər ağacları məhv edib.

Qubadlıya yola düşürük. Dilimdə “Meşələrin sərin, suların dadlı, qəlbin qartal kimi - uçur Qubadlım” sözləri fırlanır. 

İstər-istəməz bu dağlarda böyüyüb boya başa çatan və bu yerlərin ən gözəl günlərinə şahid olmuş ağsaqqal və ağbirçəklərin söhbətləri yadıma düşür.

Qubadlının yetişdirdiyi qəhrəmanlar Qaçaq Nəbi ilə bitmir. 

Azərbaycana Milli Qəhrəman və Birinci Qarabağ Müharibəsinin iştirakçısı, vətənimiz yolunda canını fəda edən mayor, “Tikanlı zəmi” Əliyar Əliyev, Azərbaycanın Milli Qəhrəmanı Kərəm Mirzəyev və Vətən müharibəsi doğma yurdu uğrunda şəhid olan Milli Qəhrəman, polkovnik Şükür Həmidov Qubadlıda doğulublar. 

Biz bu gün doğma Qarabağa ayaq basırıqsa, tarixi qələbəmizi bizə yaşadan qəhrəmanlarımıza borcluyuq. Onlar sayəsində biz buraya başı uca gəlmişik.

Gəzə-gəzə Həkəri və Bərgüşad çaylarının qovuşduğu hissəyə yaxınlaşırıq. Qubadlının möhtəşəmliyi bizi valeh edir.

Rayon mərkəzindən keçən Bərgüşad çayı Qubadlıya məxsusi gözəllik verir.

Heyrətamiz gözəlliyi olan Bərgüşada qızıl xallı forellərin ölməz yatağı da deyilir. 
Elə biz də Həkəri və Bərgüşad çaylarının qovuşduğu hissəyə qızıl xallı forelin buraxılışını izlədik.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qubadlı rayonuna təşkil etdiyi mediatur çərçivəsində Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, çəkisi 30-50 qram olan 1 000 ədəd balıq körpəsi çay hövzəsinə buraxılıb:

“Qızıl xallı forel yerli şirin su hövzələrinə uyğun olduğu üçün məhz bu balıqların artırılması nəzərdə tutulub. Həkəri və Bərgüşad çaylarında sululuq dərəcəsinin yüksək olması balıqların bu çaylarda geniş yayılmasına müsbət təsir göstərən amillərdəndir”.

Mənfur düşmən burada nə görübsə, məhv edib. Azərbaycan isə düşməndən fərqli olaraq məhv etmək yox, qurub, yaratmaq fikrindədir. Artıq bunun üçün işlər də başlanılıb.

IDEA İctimai Birliyi, ETSN-nin təşkilatçılığı ilə “Ümumrespublika Yaşıllaşdırma Marafonu” (“Yaşıl Marafon”) çərçivəsində jurnalistlərin iştirakı ilə işğaldan azad olunan Cəbrayıl və Qubadlı rayonlarına növbəti ağacəkmə aksiyası keçirilib.

Ərazidə 750-ə yaxın ağac əkilib. İşğaldan əvvəl ərazidə 1970-ci illərin sonlarında böyük tut plantasiyaları olub. Mənfur düşmən suyu, çayı apara bilməyəcəyi üçün hər yeri talan edib. 

Hazırda Qarabağ bölgəsinə daxil olan zaman ətrafın qırmızı lentə alındığının şahidi oluruq. Bu, xəbərdarlıq nişandır. Çünki mənfur düşmən ərazilərimizi minalayıb. Lentlənən ərazilərdə ucu-bucağı görünməyən lalələr açıb. Qarabağın bu cür “qırmızı lenti” müvəqqətidir. Zaman gələcək həmin laləli çəmənlər arasında rahat şəkildə gəzəcəyik...

 

İlhamə Əbülfət
FOTO: Ramil Yunus 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri