23 
Apr
2019
17:44
317
290
9167
Virtual karabakh

Tahir İmanov: İlk dəfə konsertimizə Bakı meri gəlmişdi

23 Apr, 2019
17:44
9167

Tahir İmanov: İlk dəfə konsertimizə Bakı meri gəlmişdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Planet Parni iz Baku” KVN teatrı bu il üçün növbəti dörd günlük konsertini keçirdi. Fedot obrazının dilindən səslənən “Nataşa, mı prişla” adlı konsert böyük izdihamla qarşılandı.

Konserti müxtəlif təbəqədən izləyən tamaşaçılar vardı. Sözümüzün təsdiqi kimi, onların arasında futbolçular – Rəşad Sadıqov, Qara Qarayev, kikboksçu Eduard Məmmədov, şahmatçı Şəhriyar Məmmədyarov kimi tanınmış idmançıların adlarını çəkə bilərik. 

Oxu.Az olaraq konsertlə bağlı suallarımızı sözügedən teatrın bədii rəhbəri və aktyoru Tahir İmanova ünvanladıq.

– Konsertlə bağlı gözləntiləriniz baş tutdu?

– Konsertə 10 gün qalmış artıq cüt biletlər satılıb qurtarmışdı. Ancaq tək biletlər qalmışdı. Onların da sayı çox az idi. Ona görə də tam əminliklə deyə bilərəm ki, konsertimizə 10 gün qalmış anşlaq idi. Məlumunuz olduğu kimi, beşinci gün də konsert keçirə bilərdik. Çünki tələbat həddindən artıq çox idi. Xüsusən də martın 1-də ölkə başçısının qəbulunda olduqdan və bizə qoyulan qadağalar yığışdırıldıqdan sonra 4-5 il ərzində ehtiyat edib gəlməyənlər belə konsertimizə gəlmək istəyirdi.

Sizin saytınızda aprelin 22-dən “Formula-1” yarışı ilə bağlı şəhərin mərkəzinin bağlanacağını oxuduqdan sonra fikirləşdik ki, camaat üçün konsertə gəlmək böyük əziyyət olacaq. Ona görə də dörd günlük konsertlə kifayətləndik. Qismət olsa, gələn il beş günlük konsert verərik...

Hər bir konsertimiz tamaşaçı tərəfindən rəğbətlə qarşılandı, ayaq üstə alqışlandı. Bundan artıq bizim üçün nə ola bilər ki?! İnanın mənə, bu, bizim üçün ən böyük mükafatdır. Fürsətdən istifadə edərək daimi tamaşaçılarımıza minnətdarlıq etmək istərdim ki, onlar bu illər ərzində – qadağalı və qadağasız günlərimizdə həmişə bizimlə birgə olublar.

Daimi tamaşaçımız həmişə olub və onlar bizi heç vaxt tək qoymayıb. Elə onların dəstəyi bizə qadağalı günlərdə bu işi atmağa imkan verməyib. Əksinə, onların alqışları bizə daha da böyük layihələrə imza atmağa stimul verib.

Oxu: “Nataşa, mı prişla!”ya bütün biletlər satıldı

– Konsertinizin ən maraqlı hissələrindən biri sabiq icra başçısı Hacıbala Abutalıbovla indiki içra başçısı Eldar Əzizovun səhnəsi idi...

– Çox təşəkkür edirəm fikirlərinizə görə. Sizə bir məqamı da qeyd edim ki, tarixdə ilk dəfə bizim konsertə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov gəlmişdi. Halbuki indiyədək bizim KVN teatrına nə Hacıbala müəllim, nə də ondan qabaqkı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı gəlib. Halbuki teatrımızın adında “Baku” sözü var, gələ bilərdilər.

İlk illərdə biz bütün məmurlara konsertlərimiz üçün dəvətnamə göndərirdik. Amma sonra görəndə ki, əksəriyyəti gəlmir, göndərmirdik. O cümlədən də Eldar müəllimə heç bir dəvətnamə verməmişdik. Özü gəlmişdi. Görüşlərimizdən birində konsertimizə gələcəyini desə də, açığı, inanmamışdım. Amma onu konsertimizdə görəndə yaxşı mənada təəccübləndim. 

Onu da vurğulayım ki, Eldar müəllim “Parni iz Baku”ya çox yaxın insan olub. 80-ci illərin sonunda bu komandanın yaradılmasında o, çox yaxından iştirak edib. Ondan çox böyük kömək görmüşük. Yəni bu, indinin yox, illərin münasibətidir və bunu indiyədək qoruyub-saxlamışıq. O, bu illər ərzində müxtəlif şəhər və rayonlarımızda icra başçısı işləsə də, öz sadəliyini, insanlığını qoruyub-saxlayıb. Vallah, mən belə məmurlarla fəxr edirəm.

– Konsert montaj olunduqdan sonra kinoteatrlara izlənilməsi üçün təqdim olunacaq. Bu konserti tamaşaçılar kinoteatrda nə vaxt görə bilər?

– Bu, həmişəki kimi, payız aylarında olacaq. Konsert əvvəl kinoteatrlarda nümayiş etdiriləcək. Sonra televiziya efirində göstəriləcək, daha sonra “Youtube” səhifəmizdə yerləşdiriləcək.

Yeri gəlmişkən, qeyd etmək istərdim ki, qadağa illərində istehsal etdiyimiz layihələrin artıq 85 faizi efirdə olub. Bununla bağlı ölkə rəhbərliyinə – cənab prezidentimiz İlham Əliyevə, bizim çox hörmətli birinci xanımımız Mehriban Əliyevaya çox böyük təşəkkür edirəm. Çünki onlar qadağaları aradan qaldırmaqla ədaləti bərpa etdilər. Bu, mənim ən böyük arzum idi. Nəhayət, həmin gün gəlib çatdı. Səbr etmək lazım idi, biz də bunu bacardıq.

Oxu: “KVN”çilər “Nataşa, mı prişla!”ya belə hazırlaşır - FOTO/VİDEO

– Konsert vaxtı tamaşaçılardan birinin sualı diqqətimi cəlb etdi. Həmin sualı yenidən təkrarlamaq istəyirəm: “Nataşa, mı prişla” oldu, bəs “Bir kəndin sevinci” nə vaxt olacaq?

– Mən də yenə deyirəm ki, “Space” bizə nə vaxt borcunu qaytarsa, o vaxt da olacaq. Bilirsiniz, hər dəfə bu söhbət qaldırılanda “Space”dən mənə zəng gəlir ki, biz sizə borclu olduğumuzu danmırıq. Bəs onda niyə hərəkət etmirlər? Bildiyiniz kimi, “Space”i efirdə işlədilən söyüşə görə MTRŞ cərimələyib.

2012-ci ildən bəri deyirlər ki, pulumuz yoxdur. Bəs pulları yoxdursa, bu cəriməni haradan ödəyəcəklər? Pulları yoxdursa, işçilərinin maaşını necə verirlər? Pulları yoxdursa, işıq pulunu necə ödəyirlər? Ayıb deyilmi o boyda şirkətə? Bu boyda borcla gecələr necə yata bilirsiniz? Mənim kiməsə bir manat borcum olanda gecələri yatmıram. Yeddi ildir ki, onlar bizi avara qoyublar.

– Sizin konsertinizdə ilk dəfə Türkiyə vətəndaşı da iştirak etdi. Onun konsertinizə cəlb olunması necə baş verdi?

– Mehmet Cəfər adlı Türkiyə vətəndaşı buradakı ali təhsil ocaqlarından birində oxuyur. Axşamlar restoranlardan birində işləyir. Elə orada məni görüb özü yaxınlaşdı. Çox maraqlı söz dedi ki, Tahir abi, mən Azərbaycan dilini sizin çıxışlarınız vasitəsilə öyrənmişəm (gülür).

Bizə KVN teatrımızda yer almaq istədiyini bildirdi. Razılaşdıq. Amma dedim ki, dərhal sənə böyük rol verə bilmərəm. Özüm necə bu karyerama başlamışamsa, sən də elə başlayacaqsan. Yeri gələndə stul da daşımışam. Hər bir peşəkar aktyor belə başlayır. Biz də onun türk qardaşları kimi ona yardım əlimizi uzatmağa çalışdıq.

Oxu: Tahir İmanov: Qərara gəldik ki, konsertimizdə Nataşanı göstərək

– Hamının maraqla gözlədiyi Nataşa personajını axır ki üzə çıxardınız. Bu rolu İnna İmranova oynadı. Razı qaldınız?     

– O, Akademik Rus Dram Teatrının aktrisasıdır. İnna xanım rolunu çox böyük məharətlə ifa etdi, verilən tapşırıqları layiqincə yerinə yetirdi. Biz yazdığımız Nataşa obrazını 100 faiz peşəkar şəkildə göstərə bildi. Biz ondan razı qaldıq. Belə başa düşdük ki, o da bizdən razı qaldı.

– Növbəti konsertdə bu mövzu davam etdiriləcək?

– Buna camaatın tələbatına əsasən qərar veriləcək. Mətbəximizin şah əsəri olan dolmanı dalbadal kim yesə, bezəcək. Halbuki ondan dadlı yemək yoxdur. Biz də “Məhəllə”, “Ağanatiq” personajlarını fasilələrlə çıxarırıq ki, insanlarda onlara maraq artsın. Biz onları hər dəfə göstərsək, tamaşaçı bezər. Bunun nəticəsidir ki, hazırda “Məhəllə-3” kinoteatrlarda liderdir. Məqsədimiz odur ki, tamaşaçılar onu səbrsizliklə gözləsinlər.

Səbuhi MUSAYEV

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri