30 
Apr
2024
15:02
165
16
1571
Virtual karabakh

Nadejda Qlebova: “ABŞ Azərbaycan və Türkiyəni öz təsirinə tabe etdirə bilmədi” - MÜSAHİBƏ

30 Apr, 2024
15:02
1571

Nadejda Qlebova: “ABŞ Azərbaycan və Türkiyəni öz təsirinə tabe etdirə bilmədi” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Prezidenti Rəcəb Tayyib Erdoğanın ABŞ-yə gözlənilən səfəri və bu səfər çərçivəsində amerikalı həmkarı Co Baydenlə ikitərəfli görüşünün təxirə salınması xəbəri ekspert ictimaiyyətinin diqqətini çəkib. Əgər bir müddət əvvəl analitiklər Türkiyə və ABŞ liderlərinin nələri müzakirə edəcəyi ilə bağlı nikbin fərziyyələr irəli sürürdülərsə, hazırda səfərin təxirə salınmasının səbəbləri təhlil edilir.

Versiyalar müxtəlifdir. Onların bəzilərini Oxu.Az-a tanınmış rusiyalı şərqşünas Nadejda Qlebova şərh edib:

- Səfərin təxirə salınmasına dair rəsmi versiya “cədvəllərdəki uyğunsuzluqlar” göstərilir, lakin analitiklər bunun daha çox HƏMAS-a qarşı aparılan müharibə fonunda Türkiyə-İsrail münasibətləri ilə bağlı olduğunu deyirlər.

- “Cədvəllərdə uyğunsuzluq”a dair açıqlama fasilə vermək və bəzi vacib cari məsələlərlə bağlı qərar qəbul etmək üçün yaxşı diplomatik bəhanə sayıla bilər. İkitərəfli münasibətlərin ümumi əlverişli mənzərəni (ticarət dövriyyəsinin artması, hərbi, elmi və texniki sahələrdə əməkdaşlıq) nəzərə alsaq da, qeyd etmək lazımdır ki, Birləşmiş Ştatların hazırkı xarici siyasəti Türkiyə Respublikasının dünyada öz mövqelərini möhkəmləndirməsi ilə uzlaşmır.

Belə bir türk atalar sözü var: “Bir əli ilə verən, iki əli ilə alar”. Bu məsəli ABŞ-nin xarici siyasətinə tam tətbiq etmək olar. Ancaq bu, Türkiyə ilə münasibətdə uğurlu alınmadı. Türkiyə Cümhuriyyəti Amerika Birləşmiş Ştatları ilə əlaqələrin inkişaf etdirilməsində necə müstəqil siyasət həyata keçiribsə, bu siyasəti bu gün də davam etdirir. Buna misal olaraq Rəcəb Tayyib Ərdoğanın İraqa rəsmi səfərini göstərmək olar. Bu səfər İraq və ABŞ arasında münasibətlərin mürəkkəbləşməsi fonunda Ankara ilə Bağdad arasında əlaqələrin möhkəmlənməsinə səbəb oldu. Avropa ölkələrinin liderlərinin Rusiya prezidentinə nümayişkaranə hörmətsizlikləri və hətta ABŞ prezidentinin təhqirləri fonunda Rusiya və Türkiyə liderləri arasında davam edən təmasları da xatırlamaq olar.

- Başqa bir versiya (bunu Türkiyənin Vaşinqton və İsraildəki keçmiş səfiri Namiq Tan “Al-Monitor”a müsahibəsində səsləndirib - red. ) ondan ibarətdir ki, Ağ Ev vəziyyətin öhdəsindən yaxşı gəlmədi və Ərdoğanın damarını tuta bilmədi. Bu isə Rusiyanın böyük qələbəsidir.

- Təbii ki, bu açıqlama xüsusi maraq doğurur, çünki hadisələrin təfsirini yüksəkrütbəli türk diplomatının dilindən eşidirik. Lakin Tan müəllimin hansı “vəziyyət”dən bəhs etdiyi o qədər də aydın olmadığından, bu haqda fikir söyləmək mənim üçün çətindir. Hazırkı an, tərəflərin iştirakı ilə müxtəlif formada xarakterizə olunur. Onlardan biri tamamilə ədalətli görünür: Birləşmiş Ştatlar əvvəllər olduğu kimi, Yaxın Şərq liderlərinin, o cümlədən Rəcəb Tayyib Ərdoğanın damarını tutmağa ehtiyac görmədi və bu siyasətə sadiq qalmağa davam edir. Ərdoğanın təxirə salınmış səfərinə gəlincə, bu, Rusiya üçün böyük qələbədirmi? Rusiyanın əsl qələbəsi həm Yaxın Şərq, həm də Aralıq dənizi hövzəsindəki ölkələrlə müttəfiqlik münasibətlərinin daha da möhkəmlənməsi olacaq, baxmayaraq ki, ABŞ və müttəfiqləri buna qarşıdırlar. Lakin onlar da Rusiyanın xarici siyasət arenasında müəyyən uğurlarını etiraf etməyə məcburdurlar.

- Həmçinin kifayət qədər gərgin olan ABŞ-Azərbaycan münasibətləri də var...

- ... ABŞ-Azərbaycan münasibətlərindəki gərginlik ilk növbədə Azərbaycanın öz suverenliyini möhkəmləndirmək üçün qərarlar qəbul etməkdə və siyasət yürütməkdə müstəqilliyi ilə, eyni zamanda Rusiya da daxil olmaqla, uzunmüddətli müttəfiqlərlə dostluq əlaqələri saxlaması ilə bağlıdır. ABŞ hələ də təzyiq göstərmək üçün kifayət qədər böyük imkanlara malik olsa da, Azərbaycan və Türkiyəni öz təsirinə tabe edə bilməyib. Əslində, hər iki dövlət dünyaya müxtəlif dövlətlərin maraqlarına hörmətlə yanaşmaqla öz maraqlarına riayət etmək və öz siyasətlərini həyata keçirmək nümunəsini göstərmiş olur. Bu, “Yüksək siyasət” adlandırıla biləcək bir nümunədir.

Nair Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri