29 
Mar
2023
12:24
138
65
2658
Virtual karabakh

Musa Quliyev həmkarına edilən sui-qəsd cəhdi barədə: “10 milyonluq əhalinin hamısını güllələyə bilməzlər”

29 Mar, 2023
12:24
2658

Musa Quliyev həmkarına edilən sui-qəsd cəhdi barədə: “10 milyonluq əhalinin hamısını güllələyə bilməzlər”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Millət vəkili Fazil Mustafaya qarşı törədilən sui-qəsd cəhdi onun şəxsinə deyil, dövlətçiliyə qarşı yönəlmiş hadisədir. Fazil Mustafa millət vəkili olmaqla yanaşı, siyasi partiya rəhbəridir. Ötən gün qeydə alınan bu hadisə isə bütövlükdə Azərbaycan dövlətçiliyinə qarşı terror aktıdır”.

Bu sözləri Oxu.Az-a millət vəkili Musa Quliyev ötən gecə həmkarı Fazil Mustafaya qarşı törədilən sui-qəsd cəhdini şərh edərkən deyib.

Onun sözlərinə görə, belə bir hadisə Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa yönəlib və bütövlükdə dövlətə və cəmiyyətə meydan oxumaq cəhdidir:

“Yəni təkcə Fazil Mustafaya qarşı törədilən bir cinayət deyil. Digər tərəfdən, Fazil müəllim olduqca aktiv siyasi fəaliyyət göstərib və onun siyasi fəaliyyətindən qaynaqlanan, ondan narazı qalan qüvvələrin törətdikləri bir hadisədir. Xüsusilə, son dövrlərdə, bilirsiniz ki, hadisələr ard-arda gəlir. Yəqin ki, bir-birinə bağlıdır. Dəqiq səbəb və əlaqələri hüquq-mühafizə orqanları araşdırıb, nəticəni ortaya qoyacaqlar”.

Musa Quliyev bu hadisənin Azərbaycanın Tehrandakı səfirliyinə olan silahlı hücumla da əlaqəsinin olduğu qənaətindədir:

“Səfirliyimizə edilən silahlı hücum zamanı soydaşlarımız arasında ölən və yaralananlar oldu. Ondan sonra Bakıda hipermarketə avtomat silahla hücum da araşdırılmalıdır - bu yalnız quldurluq hadisəsi idi, yoxsa ictimaiyyəti qorxutmaq, xof yaratmaq cəhdi idi? Bu da araşdırılmalıdır.

Fazil müəllimin də ardıcıl olaraq çıxışları, onun tənqid yönəltdiyi sahələr, təbii ki, araşdırılacaq. Allaha çox şükür ki, sağ-salamatdır, artıq ilk müsahibəsini də verib.

Dünən biz və onu tanıyan, tanımayan çox sayda insan xəstəxananın həyətinə toplaşmışdıq. Bu, insanlarda bir dövlətçilik təfəkkürünün olduğunu göstərir, yəni hər kəs başa düşür ki, bu, bir deputata, siyasi xadimə olan qəsd deyil. Bu, bütün Azərbaycan ictimaiyyətinə qarşı törədilən bir cinayətdir. Bu mənada mən çox inanıram ki, yaxın günlərdə bu cinayəti törədənlər aşkarlanaraq tutulacaq. Amma bu bizi həm də sövq edir ki, hər birimiz ayıq-sayıq olaq, bir-birimizi qoruyaq, vətəndaş sayıqlığı və çevikliyi nümayiş etdirək”.

Deputat ölkə olaraq 1992-93-cü illərdən sonra ən ağır, taleyüklü bir zamana gəlib çatdığımızı qeyd edərək, Azərbaycanın Qarabağdakı uğurlarına, eləcə də Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələlərə xüsusi diqqət çəkdi:

“Bu mənada 10 noyabr 2020-ci il Üçtərəfli Bəyanatın həyata keçirilməsi ilə bağlı ortaya qoyduğumuz siyasi iradə və Azərbaycanın dönmədən müstəqil siyasət yeritməsi, ola bilsin ki, bəzi qüvvələri və dövlətləri narahat edir. Onları qane etmir və artıq başqa bir təsir yolları qalmadığından ictimai sabitliyi sarsıtmağa yönələn bu cür addımlar atırlar.

Belə dönəmlərdə rəsmi olmayan informasiyalar, şayiələr yaya bilər. Bu mənada həssas yanaşmaq lazımdır, qeyri-rəsmi məlumatları yaymaq olmaz. Amma eyni zamanda, yenə deyirəm, hər birimiz dövlətimizin yanındayıq. Hər bir Azərbaycan vətəndaşı müstəqilliyimizin, Prezidentin arxasındadır, ona görə də o qüvvələr bilməlidir ki, 10 milyonluq əhalinin hamısını güllələyə bilməzlər”.

Qeyd edək ki, ötən gecə Milli Məclisin deputatı Fazil Mustafaya qarşı Sabunçu rayonu Zabrat qəsəbəsində, yaşadığı evin qarşısında sui-qəsd cəhdi olub. O, çiynindən və ayağından güllə yarası alıb və təcili xəstəxanaya yerləşdirilib, iki dəfə əməliyyat olunub.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri