15 
Apr
2019
11:57
320
16
5997
Virtual karabakh

Məşhur şəkillərin müəllifi: Xocalıdan da kollaj hazırlayacağam

15 Apr, 2019
11:57
5997

Məşhur şəkillərin müəllifi: Xocalıdan da kollaj hazırlayacağam

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün sizinlə tanış edəcəyimiz şəxs dünyada baş verən hadisələri özünəməxsus formada foto halında qarşılaşdırır. Onun kollajları dünyada məşhurdur, yəqin ki, sözügedən maraqlı fotoları görməyən qalmayıb.

Oxu.Az “Instagram” sosial şəbəkəsində 400 min izləyicisi olan Türkiyə vətəndaşı Uğur Qallenkuşla müsahibəni təqdim edir:

- Uğur bəy, bir az sizi tanıyaq.

- İstanbulda yaşayıram. 29 yaşım var. Özəl bir şirkətin onlayn ticarət saytını idarə edirəm.

- Hazırladığınız kollajlar sosial şəbəkələrdə kifayət qədər maraq doğurur.

- Hazırladığım kollajların bu qədər geniş auditoriyaya çatması və müzakirələrə səbəb olması məni sevindirir. Əslində, çatdırmaq istədiyim fikri insanların olduğu kimi anlamasını istərdim.

2014-cü ildən bu günə qədər hobbi olaraq bu işi görürəm. Montaj edərək və kollaj hazırlayaraq hadisələri şərhsiz fotolarla insanlara çatdırmağa çalışıram. Mənim bu sahədə, yəni vizual sənətlərlə bağlı hər hansı bir təhsil və təcrübəm yoxdur.

- Bu gün dünya ölkələrində nə baş verir?

- Hazırda dünya miqyasında sağ və irqçi bloka meyil artmaqdadır. Bunu dünya ölkələrində seçilən lider profillərinə nəzər salsaq, aydın görə bilərik. Düşünürəm ki, bu, heç yaxşı istiqamət deyil.

- Nə vaxtdan bu işlə məşğulsunuz?

- Gördüyünüz kollajlar ilk olaraq 2015-ci ildə Suriya müharibəsindən qaçan köçkünlərin Türkiyəyə gəlməsi və buradan Avropaya getmələri ilə başladı. Türkiyə üzərindən Avropaya köç edən minlərlə qaçqının bu böhrandan qurtulmaq üçün qeyri-qanuni yollarla Egey dənizi üzərindən getməyə çalışması, bu zaman boğularaq ölən yüzlərlə insan və onlar arasındakı bir körpənin boğularaq sahilə düşməsi məni çox təsirləndirmişdi.

İlk olaraq hazırladığım bu kollaja “paralel kainat” adını verdim. Düşünürəm, fotonu paylaşan yüzlərlə izləyicilər də mənimlə həmfikirdirlər.

2016-cı ildə bu proseslər daha dözülməz hal almağa başladı. Bir səhər xəbərləri izləyərkən Suriya qaçqınlarından ibarət dəstənin içərisində olan azyaşlı uşaqların gözlərindəki qorxu və çarəsizliyi gördüm.

Körpə və günahsız uşaqlar üzlərindəki qorxu və təlaşla açıq şəkildə hər kəsdən kömək istəyirdilər. Bu mənzərədən sonra “paralel evren” (paralel kainat) adlı layihələrimə başladım. Müəyyən dövr ərzində bu layihəni hazırladım. 2018-ci ildə isə layihəmi xarici sosial paylaşım səhifələrindən birində yayımladım.

Beləliklə, “paralel evren” dünya mediası tərədindən görüldü.

- Mövzu müharibə şəraitində yaşayan bütün ölkələrə şamil edilsə də, fotoların böyük əksəriyyətində istifadə edilən kadrlar Suriyadakı dəhşətli anlara aiddir. Mükəmməl şəkildə şərh verdiyiniz fotoların məskənində olmusunuzmu?

- Xeyr, heç vaxt Suriyaya getməmişəm. Amma bu gün Türkiyədə yaşayan dörd milyona yaxın qaçqın və məcburi köçkün var ki, onların 3,5 milyonu məhz suriyalılardır. Bu, ölkə olaraq müharibəyə etiraz etdiyimizin, onun günahsız qurbanlarına dəstək olduğumuzun təsdiqidir.

- Hazırladığınız fotolardan ibarət sərginiz olubmu? Və ya düşünürsünüzmü?

- Əslində, hazırladığım fotoların sahibləri çətin şəraitdə ayrı-ayrı media orqanlarında çalışan fotoqraflardır. Mən bu fotoları fərqli şəkildə hazırlayıb insanlara təqdim edirəm. Bu üslubda işləməyimdə məqsəd insanların özləri xaricində başqalarını da düşünməyə cəhd etməsi və onlarla empati qura bilməsidir. Sənət cəmiyyəti oyadan ən uyğun vasitələrədən biridir. Bəlkə, gələcəkdə foto sahiblərindən icazə alaraq, sərgi hazırlayaram.

- Bu layihə ilə dünyaya vermək istədiyiniz mesaj tam olaraq nədir?

- Bilirsiniz, mənim dünyaya vermək istədiyim mesaj bəllidir. Mesaj birmənalı olaraq inkişaf etmiş ölkələrə ünvanlanmasa da, hər kəs bunu belə başa düşür. Əslində, hər iki tərəfin öz payı var. İnkişaf etmiş ölkələr bilməlidir ki, dünyanın geridə qalan bütün ölkələri onların ucbatından səfalət və acı içərisindədir. Amma inkişaf etməkdə olan ölkələrin də günahı az deyil.

Mənim layihəmdə hər iki tərəfə ünvanlanan mesajları görə bilərsiniz. İnkişaf etməkdə olan ölkələrin bu suallara cavab verməsini istərdim: Niyə siz hüzur, barış və rifah içərisində yaşaya, demokratiya, fikir azadlığı, hüquq normalarının üstün gəldiyi ali dəyərlərə sahib ola bilmirsiniz? İstərdim onlar özləri düşünsünlər ki, niyə elm, sənət sahələrində dünya səviyyəsində uğur qazanmağa can atmırlar?

Çünki inkişaf etməkdə olan ölkələrin vətəndaşları müəyyən məqsədlərə nail olmaq üçün öz ölkələrini tərk edib inkişaf etmiş ölkələrə gedirlər. Bununla öz ölkələrinin hər hansı bir inkişaf mərhələsinə çatması mümkün deyil. Yaxşı olardı ki, onlar axtardıqları inkişafı öz ölkələrində yaratsınlar.

Əks təqdirdə bütün baş verən faciələr təkrar-təkrar yaşanacaq və bunun nəticələri yalnız onlara deyil, bütün ölkələrə öz təsirini göstərəcək. İnkişaf etməkdə olan ölkələrdəki böhran vəziyyətinin qarşısı tez bir zamanda alınmalıdır, yoxsa bu, zamanla inkişaf etmiş ölkələrə də sirayət edəcək. 

Bu və digər səbəblərdən öz ölkələrini tərk edərək başqa ölkələrə sığınan qaçqın və məcburi köçkün böhranı bu yanğının necə sürətlə yayıldığını göstərir.

- Bir fotonun hazırlanması nə qədər vaxt alır?

- Hazırladığım fotolar üçün istifadə etdiyim kadrları özüm axtarıram. Siyasi prosesləri izləyirəm. Bir neçə kollaj üçün yaxın dostlarımla fikir mübadiləsi apardığım zamanlar olur. Əslində, vermək istədiyim mesaja uyğun kadrları nə qədər tez tapsam, kollaj da bir o qədər tez hazırlanır. Bir kollaj üçün ən azı yüzlərlə kadra baxıram. Axtarış edirəm. Son zamanlar fotoların dəqiq tarixçəsini öyrənməyə çalışıram.

Uşaqlarla bağlı fotolar insanların qəlbinə toxunur. Onları hazırlayarkən hansı hissləri keçirirsiniz? Ən çox təsirləndiyiniz kollaj hansıdır?

- Müharibə zamanı ən çox zərər görən uşaqlar və qadınlardır. Hansı ki, dünya üzərində gələcək məhz onlar sayəsində inkişaf edir. Fikrimcə, xoşbəxt bir qadın xoşbəxt bir ana və uşaq deməkdir. Xoşbəxt uşaqlar isə sağlam gələcəyin təməlidir. Məhz bu səbəbdən layihəmdə şiddətdən uzaq, elm və sözün həqiqi mənasında, uşaqlığını yaşaya bilən uşaqlara diqqət çəkməyə çalışıram.

- Xocalı soyqırımından xəbərdarsınız? İllərdir Azərbaycan həqiqətləri dünya mətbuatına çatdırılır. Ermənistan-Azərbaycan arasındakı ərazi bütövlüyünə dair problemlərə layihənizdə yer vermənizi istərdik.

- Xocalı qətliamı barədə, təbii ki, məlumatım var. Təəssüf edirəm ki, qardaş ölkədə bu cür dəhşətli tarix yaşanıb və minlərlə günahsız uşaq bunun qurbanı olub. Bu günə qədər layihəmdə Xocalı qətliamı ilə bağlı kadrlardan istifadə etməmişəm. Amma yaxın gələcəkdə bununla bağlı kollaj hazırlamağı düşünürəm.

Diqqətinizi bir nöqtəyə çəkmək istərdim. Mənim layihəmdə kulminasiya nöqtəsi bir ölkədəki kadrlar olsa da, problem olaraq bütün ölkələrə şamil edilir. Ola bilər ki, kadrlar müharibənin ən qızğın nöqtələri olan Suriya, İraq, Əfqanıstandan və digər bölgələrdəki hadisələrdən götürülür, amma məsələ beynəlxalq miqyasda həll olunmalı problemdir.

İraqda azyaşlı uşaqların məruz qaldığı qəddarlıqlar Flippində, Somalidə, Myanmardakı uşaqları da təsvir edir. Bu problem ortaya qoyulan zaman mövcud problemin yaşandığı bütün ölkələr nəzərdə tutulur, düşünmürəm ki, ayrı-ayrı bütün ölkələrə aid kollajlar düzəldilməsi şərtdir.

Fikrimcə, layihəmin bu qədər ciddi maraq doğurması və dünya mediası tərəfindən sürətlə tirajlanması məhz problemləri ümumi mənada ortaya qoymağımdır. Səmimi qəlbdən ümid edirəm ki, Azərbaycan öz ərazi bütövlüyünü qısa zamanda təmin edəcək. Xocalı faciəsi bir daha yaşanmasın.

- Azərbaycana gəlməyi və bizim fotoqraflarla ortaq layihələr hazırlamağı düşünürsüzmü?

- Qazi Mustafa Kamal Atatürkün çox gözəl sözü var: “Yurdda sülh, cahanda sülh”. Bu fəlsəfənin bütün dünya ölkələri və cəmiyyətləri tərəfindən mənimsənilməsini arzu edirəm. Azərbaycanlı qardaşlarımla hər hansı bir layihə çalışmalarına dair bir söz deyə bilmərəm, gələcək göstərər. Azərbaycan xalqına xoşbəxt, gözəl, firavan günlər arzu edirəm.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri