28 
Mar
2024
12:52
28
171
1596
Virtual karabakh

Kənd əhalisi sürətlə şəhərə axın edir: Qarşısı necə alınmalıdır?

28 Mar, 2024
12:52
1596

Kənd əhalisi sürətlə şəhərə axın edir: Qarşısı necə alınmalıdır?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Pərviz Heydərov yazır...

Ölkə iqtisadiyyatının bölgələr üzrə balanslı şəkildə inkişafı əhalinin sosial rifah halının normal təmini üçün əsas şərtdir. Bu, iqtisadi siyasəti sosialyönümlü xarakter daşıyan bütün ölkələr üçün diqqət mərkəzində saxlanılan məsələlərdəndir. Məlumat üçün qeyd edim ki, ötən il ölkəmizin əhalisinin sayı 53 min 625 nəfər və ya 0,5% artaraq bu ilin yanvarın əvvəlinə 10 milyon 180 min 770 nəfər olub. Bunun 54,5%-ni şəhərdə, 45,5%-ni isə kənddə yaşayanlar təşkil edib. 

Göründüyü kimi şəhər əhalisi üstünlük təşkil edir. Ümumiyyətlə, əvvəldən də şəhərdə yaşayanlarımızın sayı çoxluq təşkil edib. Bu da təbiidir. Ona görə ki, şəhərdə olan şərait və imkanlar potensialı bölgələrdə yoxdur və ola da bilməz. Şəhər, məhz ona görə kənddən və rayondan seçilir ki, iş yeri tapmaq, təhsil almaq, səhiyyə xidmətindən istifadə etmək və sair baxımından, üstün mövqeyə sahibdir. Bu, dünyanın hər yerində belədir.

Lakin, şəhəri “qidalandıran” və “yaşadan” isə bölgələr, kəndlərdir. Şəhərin inkişafı rayonlarda və kəndlərdə yaşayış imkanlarını genişləndirməli, durmadan yaxşılaşdırmalıdır. Əks təqdirdə, şəhərlərin özünün inkişafı mümkün deyil.

Ümumiyyətlə, urbanizasiya müəyyən aspektdə keyfiyyət göstəricisi olsa da, onun çərçivədən kənara çıxması heç bir yerdə müsbət hal sayılmır. Ölkəmizdə hələ sovet dövründə də urbanizasiya yüksək idi, müstəqillik əldə etdikdən sonra isə həm iqtisadi və sosial amillər nöqteyi-nəzərindən, həm də müharibə səbəbindən bu, daha ifrat səviyyəyə çatdı. Yəni ki, bu, qaçılmaz bir proses sayıldı. Üstəgəl, müharibə amili də buna əlavə təkan verdi.

Ancaq dövlətimiz və hökumətimiz son 20 ilin ərzində sözügedən prosesin qarşısını almaqdan ötrü çox işlər görüb və böyük addımlar atıb. Hazırda da bu istiqamətdə müsbət işlər görülür. Regionların və bölgələrimizin inkişafı ilə bağlı ayrıca Dövlət Proqramları (2004-2008, 2009-2013, 2014-2018, 2019-2023-cü illər üzrə) qəbul edilib, ən müasir infrastrukturun yaranması üçün çoxlu vəsaitlər xərclənib, hətta ən ucqar bölgəmizdə belə abadlıq məsələlərinə ciddi diqqət yetirilir.

Nəticədə sovet dövrü ilə müqayisədə kənd və rayon yerlərimizdə yaşayış imkanları və sosial-iqtisadi şərait demək olar ki, tam olaraq şəhər səviyyəsinə çatıb, ən ucqar kəndlərimiz belə, elektrik enerjisi ilə təmin edilib, təbii qazla da təchiz olunub.

Ümumiyyətlə, 2004-cü ildən bəri regionlarımızda şəhər, qəsəbə və kəndlərin siması köklü şəkildə dəyişib, potensial artıb, infrastruktur təminatı, kommunal xidmətlərin keyfiyyəti, biznes və investisiya mühiti yaxşılaşıb və əhalinin rifahının yüksəlməsi üçün geniş imkanlar yaranıb.

Bununla belə, yenə kənddən şəhərə axın var və bunu güclü axın da adlandıra bilərik. Hesab edirəm ki, bu axının əsas səbəblərindən biri məşğulluq problemi, keyfiyyətli təhsil əldə etmək, müvafiq səhiyyə xidmətlərindən yararlanmaqdır. Çünki müasir infrastrukturun yaradılması hər şeyi həll etmir. Müvafiq kadrlar da yetişməlidir. Ən böyük problemlərdən biri isə aqrar sahənin, kənd təsərrüfatı məhsulları istehsalı sahəsinin istənilən tələblərə uyğun gəlməməsindədir.

Məsələ bundadır ki, rayon və kənd sakinlərini yaşadıqları məkana torpaq amili bağlamalı olsa da, bizdə belə deyil. Kənd təsərrüfatı məhsulları istehsalı ilə məşğul olmaq istəyən yoxdur. Bunun da ən başlıca səbəbləri subyektiv amillərdədir. Bura daxildir, bazarlara çıxış imkanlarının məhdud olması, inhisarçılıq və sair... 

Aqrar sahənin il ərzində istehsal etdiyimiz ÜDM-də həcmi heç 10% təşkil etmir. Halbuki, ən azı 10%-dən yuxarı olmalıdır. Bölgələrimizdə aqrar məhsulların emalı üzrə fəaliyyət göstərən zavod və fabriklərimizin kənd təsərrüfatı məhsulları istehsalçıları və tədarükçüləri ilə birbaşa əlaqəsi yoxdur. O səbəbdən də, gənc işçi qüvvəsi günü 15-20 manata şəhərdə tikintidə işləməyə üz tutur. Bakı şəhərinə gələrək taksi fəaliyyəti göstərir və sair... Yəni, əkin-biçinə maraq qalmır.

Odur ki, əsas səbəbi aqrar sektorun inkişafında, torpağa bir istehsal vasitəsi kimi yanaşılmamaqda görmək lazımdır. Düzdür, regionlarda aqrar sahənin inkişafı üçün addımlar atılır, yeni-yeni sənaye məhəllələri, aqroparklar, emal müəssisələri yaradılır, sahibkarlığın inkişafına təkan verilir. Ancaq bunlar da kifayət etmir.

İşğaldan azad olunan ərazilərimizdə görülən işlər, məskunlaşma üçün müvafiq şəraitin yaranması məqsədilə həyata keçirilən tədbirlər bu baxımdan daha effektli hesab edilir. Və bu işlərin o biri bölgələrimizdə də urbanizasiya prosesinin geri dönüşlə əvəzlənməsinə səmərə verəcəyi aydın görünür.

Ümumiyyətlə, unutmaq lazım deyil ki, yüksək sosial rifah həmişə sənayedən çox məhz aqrar sahəyə, yəni torpağa bağlıdır. Torpağa maraq yaratmaq üçün isə iqtisadi baxımdan stimulverici şərait yaratmaqla yanaşı, təhsil, səhiyyə və mədəniyyət sahələri üzrə yüksək ixtisaslı və peşəkar kadrların həm də bölgələrdə də çalışmasına və onların çoxluq təşkil etməsinə nail olmaq lazımdır.   

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri