26 
Apr
2019
17:47
250
96
6778
Virtual karabakh

Vəziyyət vergi ödəyicilərinin xeyrinə yumşaldılıb - ŞƏRH

26 Apr, 2019
17:47
6778

Vəziyyət vergi ödəyicilərinin xeyrinə yumşaldılıb - ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sosial şəbəkələrdə Vergilər Nazirliyi tərəfindən vergilərin əsassız hesablanması, bank hesablarındakı vəsaitlərin dondurulması zamanı hesabların tam bloklanması, vergi ödəyicilərinə risklərlə bağlı bildirişlərin göndərilməsi və digər məsələlər barədə məlumat yayılıb.

Mövzunun aktuallığını nəzərə alaraq, vergi mütəxəssislərinin münasibətini öyrəndik.

Onların sözlərinə görə, Vergilər Nazirliyinin bank hesablarından nağd vəsaitlərin çıxarılmasına qoyduğu məhdudiyyətlər “Nağdsız hesablaşmalar” haqqında qanunun müddəalarına əsaslanır: 

“Nazirliyin “Nağdsız hesablaşmalar haqqında” qanundan əlavə hər hansı tələbi və göstərişi yoxdur. Bank hesablarına sərəncam qoyulması halında tam məbləğin bloklanması məsələsinə gəlincə, artıq bir dəfə Vergilər Nazirliyi bu məsələyə münasibət bildirib. 

Qeyd edilib ki, bank hesabındakı dondurulmuş müəyyən həcmdə məbləğə görə bank hesabı tam şəkildə bloklana bilməz. Banklar və kredit təşkilatları vergi ödəyicilərinin bank hesablarında olan vəsaitin yalnız icra sənədi olan sərəncamda göstərilən məbləğ üzrə dondurulması və ya alınmasını təşkil etməklə, digər hissəsi üzrə onların istəyinə uyğun olaraq müvafiq hərəkətlər etməyə borcludurlar. Bu məsələni Vergilər Nazirliyinin üzərinə atmaq düz deyil”. 

Məsələ barədə iqtisadçı ekspert Rəşad Əliyevlə əlaqə saxladıq. 

Onun sözlərinə görə, 2018-ci ilin dekabrında Vergi Məcəlləsinə edilən dəyişiklik zamanı sahibkarlıq subyektlərinin vəsaitlərinə blokların qoyulması ilə bağlı qaydalarda da dəyişiklik edildi:

“Əvvəlki qaydalara görə, Vergilər Nazirliyi sahibkarın hesabında olan bütün növ vəsaitə limitsiz olaraq blok qoya bilirdi və problem həll olunana kimi bu vəsaitlər üzərində sahibkarların hüququ məhdudlaşdırılırdı. Vergi Məcəlləsinə edilən dəyişikliklə bu hüquq nazirlikdən alındı.

Sadəcə, nazirlik müvafiq analizlərin, vergi yoxlamalarının nəticəsi müəyyənləşdirilmiş məbləğ qədər subyektin vəsaitini dondurmaq ixtiyarına və bu vəsaitlər üzərində sərəncam vermək hüququna malik oldu. Bununla da vəziyyət vergi ödəyicilərinin xeyrinə yumşaldılıb. 

Problem ondan ibarətdir ki, son iki – 2016-ci ilin dekabrı və 2018-ci ilin dekabrında Vergi Məcəlləsinə irihəcmli dəyişiklər edilib. Bu dəyişikliyin ümumi sayı 300-dən çox idi və bunların bir qismi müsbət dəyişikliklər olsa belə, Vergi Məcəlləsində bu qədər geniş dəyişikliklərin edilməsi yeni qaydaların qavranması üçün müəyyən problemlər yaradır”. 

Fəaliyyətini dayandırmış vergi ödəyicilərinə verginin hesablanması məsələsinə gəlincə, nazirlik bunu təkzib edir. 

Bildirilib ki, fəaliyyətini dayandırmış ödəyicilərə kütləvi şəkildə vergi hesablanması yanlış məlumatdır:

“Mümkündür ki, vergi ödəyicisi fəaliyyətini dayandırmış kimi göstərib, lakin üçüncü şəxslərlə əməliyyatlar aparır və vergi orqanlarının informasiya bazasında ödəyicinin aktiv fəaliyyəti qeydə alınır.

Yalnız bu halda, vergi orqanı mənbəyi bəlli məlumatlar əsasında vergi ödəyicisinə  fəaliyyəti ilə bağlı bildiriş göndərir və bunun səbəblərini göstərir. Fəaliyyətini dayandırmış ödəyicilərə kütləvi vergilərin hesablanması səhv məlumatdır”.

Ekspertlərin sözlərinə görə, vergi ödəyicilərinin vergi ilə bağlı göstəriciləri azaldığı halda, riskli vergi ödəyicisi kateqoriyasına düşməsi isə yalnız rentabellik göstəricisinin azalması ilə bağlı deyil: 

“Vergilər Nazirliyi vergidən yayınma hallarını müəyyən edən risk idarəetmə alətlərindən istifadə edir və vergi ödəyicisində risklərin qiymətləndirilməsi vasitəsilə müəyyən edir. Vergi orqanlarının risk qrupuna düşən vergi ödəyicilərinə izahat sualları yollaması normaldır və tam anlaşılandır”.

Rəşad Əliyev bildirib ki, sahibkarlar yeni Vergi Məcəlləsi barədə daha çox məlumatlandırılmalıdır: 

“Düşünürəm ki, müəyyən qədər sahibkarlara zaman tanınmalıdır. Sahibkarların qanun dilini qavraması çətindir. Xüsusilə nəzərə almaq lazımdır ki, kütləvi sayda olan kiçik sahibkarlar peşəkar dəstək alma imkanı məhduddur və xidmətlərdən istifadə etmirlər.

Çalışırlar ki, öz vergi prosedurlarını özləri idarə etsinlər. Nəticədə, qarşılıqlı anlaşılmazlıq nəticəsində bu cür problemlər ortaya çıxır. Yeni dəyişiklər sahibkarlara izah edildikdən sonra bənzər addımlar atılmalıdır. 

Ola bilər, bu, müəyyən qədər nazirliyin öhdəliyini yerinə yetirməsində problem yarada bilir. İnzibatçılığın pozulmasına səbəb olur, amma qarşı tərəfə də anlaşılan olunmalıdır. Hər iki tərəf bir-birini anlamalıdır. Məqsəd sahibkarlığın inkişaf etdirilməsidir”. 

Vergilər Nazirliyi tənqidlərə açıq olduğunu bildirib, lakin subyektiv mülahizələrin vergi ödəyicilərinin sıxışdırılması kimi təqdim edilməsini qərəzli yanaşma hesab edir.

İlhamə Əbülfət 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri