24 
Apr
2024
23:36
14
55
943
Virtual karabakh

Qərbi Azərbaycan Xronikası: Qızıl Qoç rayonunun Qukasyan adlandırılmasının səbəbi - VİDEO

24 Apr, 2024
23:36
943

Qərbi Azərbaycan Xronikası: Qızıl Qoç rayonunun Qukasyan adlandırılmasının səbəbi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə adı hiyləgərliklə erməniləşdirilən Qızıl Qoç rayonu haqqında süjet hazırlanıb.

Oxu.Az xəbər verir ki, “Qızıl Qoçun türk əhalisi ailəliklə sürgün edilib” adlı süjetdə XX əsrdə haylara Azərbaycan torpaqlarında dövlət qurulduqdan sonra onların ərazi iddialarının genişlənməsindən, nəticədə Qərbi Azərbaycanın yerli əhalisinin deportasiya edilməsindən, soyqırımlara məruz qalmasından, mahallarımız, kəndlərimiz kimi, rayonlarımızın da adının dəyişdirilməsindən bəhs olunur.

Bildirilib ki, Ağbaba mahalı ərazisində, Arpa çayının yuxarı axarında yerləşən bu ərazi Keçid dağları, Bazum, Şirək və Qızıl Qoç dağ silsilələri ilə əhatələnib. Rayon ərazisindən Axalkalaki - Gümrü avtomobil yolu keçir. Adı Qafqazın beş verstlik xəritəsində qeyd edilən Qızıl Qoç toponimi qırmızı mənasında işlənən qızıl sözü ilə, yəni qırmızı rəngdə olan suxur, eləcə də “düşərgə, qərargah” anlamında olan koş-qoç sözünün birləşməsindən əmələ gəlib. Qədim tarixə malik bu ərazi 14-16-cı əsrlərdə Monqol, sonra isə Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi dövlətlərinin tərkibinə daxil olub. Kəndə 1825-ci ildə Türkiyənin Muş şəhərindən gəlmiş ermənilər yerləşdiriliblər. Burada yaşayan Azərbaycan türkləri 1878-ci ildə qovulub və gəlmə ermənilər məskunlaşdırılıblar.

Qeyd olunub ki, Ağbaba mahalının bir hissəsi Qızıl Qoç rayonu ərazisinə düşür. 1914-1918-ci illərdə Qars vilayətində ermənilərin törətdikləri qırğınların ən qaynar bölgəsi olan Ağbaba nahiyəsinin əksər və Şörəyel nahiyəsinin bir hissəsi 1921-ci il Qars müqaviləsinə əsasən Ermənistan ərazisinə qatılıb. Bölgədə qədim qala qalıqlarının, yaşayış məskənlərinin, qoç heykəllərin mövcudluğu  bu ərazinin türk-oğuz məskənləri olmasının tarixi sübutudur. 

Diqqətə çatdırılıb ki, Qızıl Qoç rayonu rəsmi olaraq 1937-ci il dekabrın 31-də yaradılıb. 1938-ci il yanvarın 4-dək Qızıl Qoç rayonu, həmin tarixdən etibarən Qukasyan və 1990-cə ildə Aşosk adlandırılıb. Qərbi Azərbaycanın digər bölgələri kimi, Qızıl Qoç rayonu ərazisinin minlərlə türk əhalisi 1930, 1940 və 1950-ci illərdə ailəliklə evlərindən çıxarılıb, sürgün edilib. 1988-ci il deportasiyasında isə azərbaycanlılar yaşadıqları bütün kəndlərdən məcbur qaydada tamamilə çıxarılıblar. Bundan sonra 33 tarixi yer adı dəyişdirilib. Nəhayət, Ermənistan parlamentinin 1995-ci il 7 noyabr tarixli qərarı ilə Qızıl Qoç, yəni Qukasyan/Aşotsk rayonu ləğv olunaraq mərkəzi Gümrü şəhəri olan Şirak mərzliyinə daxil edilib.

Sonda vurğulanıb ki, ermənilərin sürgün və köçürmələri nəticəsində Qızıl Qoç rayonu ərazisində də azərbaycanlı və onlara məxsus məkan qalmayıb: “Lakin əminik ki, əhalisinin əksəriyyətini oğuz türkləri təşkil edən bu yaşayış məskəni də əsl yiyəsinə yenidən qovuşacaq, Qərbi azərbaycanlıların zəngin tarixi keçmişi bərpa ediləcək”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri