26 
Apr
2024
12:32
74
10
596
Virtual karabakh

Sülh zərurətdir və onun qarantı da Azərbaycandır!

26 Apr, 2024
12:32
596

Sülh zərurətdir və onun qarantı da Azərbaycandır!

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qan Turalı yazır...

Elmi ədəbiyyatda “Erməni məsələsi” adlandırılan problemi məsələsi uzun müddətdir bu və ya digər formada gündəmə gətirilir. Qarabağ problemi isə müstəqil Azərbaycanın hətta öz müstəqilliyini elan etmədiyi, Azərbaycan SSR-in mövcud olduğu bir dövrdə başlayıb. İndi isə artıq “sülh” səsləri eşidilir. Bu münaqişənin 30 illik tarixində bir ilkdir və ilk dəfədir ki, hər iki ölkə sülhə bu qədər yaxındır.

Sülhün yolları isə heç də hamar deyil. Hər şeydən qabaq nəzərə almaq lazımdır ki, Qarabağın ozamankı erməni əhalisi separatist mövqe nümayiş etdirmiş, Ermənistanın və erməni diasporunun təkidi, təhriki və köməyi ilə əzəli Azərbaycan torpaqlarını işğal etmişdi. Ermənistanın işğal faktı BMT, ATƏT kimi beynəlxalq və nüfuzlu qurumların müvafiq sənədləri ilə sübuta yetirilmiş və açıq şəkildə də göründüyü kimi ötüb keçən bu illər ərzində bu qurumlar Azərbaycanın ərazi bütövlüyünün tamamlanması, sülhün bərqərar edilməsi, məcburi köçkünlərin öz vətənlərinə qaytarılması istiqamətində heç bir əməli işə imza qoya bilməmişdilər. Yaranan situasiyada beynəlxalq qurumların da rolu var.

Tarixi ədalət isə Ali Baş komandanın iradəsi, Azərbaycan ordusunun süngüsü hesabına bərqərar edildi. Bu, sözün bütün mənalarında sülhəməcburetmə əməliyyatı idi. Çünki Ermənistan tərəfi heç bir halda sülhə can atmır, əksinə konflikti dərinləşdirməyə çalışır, yeni işğallardan dəm vurur, “Artsax” adlandırdıqları oyuncaq qurumun Azərbaycan tərəfindən tanınması kimi heç bir mənəvi-əxlaqi dəyərlərə uyğun gəlməyən siyasət yürüdürdü. Onların çirkin xəyalpərəstliyinin qarşısını Azərbaycan ordusu aldı.

Və 44 günlük müharibənin bizə diktə etdiyi həqiqətlərdən biri də budur: Cənubi Qafqazda sülhün dayağı, təminatçısı Azərbaycandır, onun ordusu və Ali Baş Komandanıdır!  Başqa sözlə desək, Azərbaycan güclü və əzəmətli olduğu müddət ərzində Cənubi Qafqazda sülh pozulmayacaq!

25 apreldə isə “BBC World”də Qriqor Atanesyan ve Tim Vhevell imzası ilə çap edilən “Sülh danışıqlarına baxmayaraq, ermənilər narahatdır” adlı məqalə bir cəhət üzrə xarakterikdir. Məqalə erməni cəmiyyətində hələ də Azərbaycanla müharibə qorxularından bəhs edir. Bu qorxuların əsassız olduğu barədə çox danışmaq olar. Çünki Azərbaycan təcavüzkar dövlət deyil. Məqalədə bəhs olunan Zəngəzur koridoru məsələsi ilə Naxçıvanla Azərbaycan Respublikasının əsas hissəsi arasında birbaşa əlaqə yaradılmasına xidmət edir. Sözügedən koridorun açılmasında isə bir çox mülahizələrə görə Ermənistanın da xeyri var.

Ermənistan dövlətinin ilk dəfə işğal edilən Azərbaycan torpaqlarını-Qazaxın kəndlərini müharibəsiz təhvil verməsi faktı isə mühüm əhəmiyyət daşıyır. Bu aktın daha bir müsbət nəticəsi isə dialoqun vasitəçi olmadan birbaşa şəkildə Ermənistan və Azərbaycan hökumətləri arasında olmasıdır. Ermənistan tərəfinin qorxulara qapılmadan, fitnəkarlarla uymadan və Azərbaycana inanaraq sülhə doğru addım atması sülh quruculuğuna xidmət edir. Bütün bunlar Azərbaycan tərəfinin apardığı aydın, konkret və qəti siyasətin nəticəsidir. Və bu sülh Ermənistana da çox gərəklidir. Ən azı məqalədə qeyd edilən qorxuların yatızdırılması, Ermənistanla Türkiyənin sərhədlərinin açılması və əlbəttə ki, Qafqazda sülhün bərqərar olunması baxımından...

Sülh yolunda əhəmiyyətli maneələrdən biri də Ermənistanın İstiqlaliyyət Bəyannaməsidir. 1990-cı ilin 23 avqustunda qəbul edilən bu bəyannamədə Qarabağın Ermənistana birləşdirilməsi qeyd olunmuşdu. Bu bəyannamənin 12-ci maddəsi isə sözügedən sənədin Ermənistan Konstitusiyasının əsasını təşkil etdiyini bildirir. Sülhün bərqərar olması istiqamətində bu maddə də ləğv olunmalıdır.

Sülh quruculuğu mürəkkəb, keşməkeşli və mərhələli prosesdir. Ancaq bütün hallarda sülh zərurətdir. Azərbaycan tərəfi sülh mövzusunda qətiyyətli və humanist mövqe tutur. Eyni mövqe Ermənistandan da tələb olunur. Bütün hallarda isə sülhün qarantı rolunda Azərbaycan çıxış edir.

Qafqaza və dünyaya sülh lazımdır!

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri