28 
Mar
2024
16:08
13
45
813
Virtual karabakh

Möhkəm ailə üçün Tolstoy, Fellini gərəkdir...

28 Mar, 2024
16:08
813

Möhkəm ailə üçün Tolstoy, Fellini gərəkdir...

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qan Turalı yazır...

İncəsənətin dəyişdirici gücü var. Məhz incəsənət-teatr, kino və ədəbiyyat sayəsində insanların həyata baxışı dəyişir. Görkəmli alman filosofu Artur Şopenhauerin də dediyi kimi, bütün həyatı gördüklərindən və eşitdiklərindən ibarət olan insanın dünyası necə də cansıxıcıdır. Məhz incəsənət sayəsində biz başqa insanları tanıyır, başqa ölkələrə xəyali səyahətlər edir, heç zaman düşmədiyimiz mürəkkəb vəziyyətlərə düşür və qəhrəmanların həmin situasiyada öz ləyaqət və qürurlarını necə mühafizə etdiklərini görürük. Bu mənada incəsənətin bəşər övladının tərbiyəsindəki rolu əvəzsizdir. 

Bu meyli ən yaxşı duyan hökumətlərdən biri də SSRİ idi. Hər nə qədər sonu uğursuz olsa da partiya o dövrün dili ilə desək, zəhmətkeşlərin mənəvi tərbiyəsinə mühüm əhəmiyyət verirdi. Bu haqda filmlər çəkilir, kitablar yazılırdı. Əlbəttə, o dövrdə aparılan işlərin də bir çoxu qüsurlu idi, tendensiyalı idi, ancaq bununla belə Sovet insanı, “Homo Soveticus” yaratmaq mümkün olmuşdu. Bugünkü nəsil Sovet filmlərinə baxdıqda bəzən ona heç bir məna verə bilmir, çünki o filmlərdəki dünya “Homo Soveticus”un gözündən görünən dünyadır. Onun mənəvi dünyası, onun əxlaqi prinsipləri, onun mənəvi arealıdır. Bu gün bizə “Homo Soveticus” ideal və bir az da uydurma təsiri bağışlayır. Ancaq incəsənətin insanı dəyişdirə biləcəyi barədə həqiqət dəyişmir. 

Biz indi Azərbaycan ailəsi qarşısında dayanan çətinliklərdən bəhs edirik. Ölkəmiz xaricdən güclü təsir altında qalır və bu təsirin mənfi nəticələri də mövcuddur. Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi və Sosial Tədqiqatlar Mərkəzinin apardığı araşdırmanın nəticələri bir çox cəhətləri ortaya qoyur. Belə ki, rəyi soruşulanların 64 faizi sosial şəbəkələri ailə dəyərləri üçün təhlükə olaraq görür. Eləcə də rəyi soruşulanların 44,9 faizi xarici serial və filmləri ailə dəyərləri üçün təhlükə hesab edir. Bütün bunlar izaha ehtiyacı olan mühüm məqamlardır. 

Sosial media ilə başlayaq. Əlimizdə statistik məlumatlar olmasa belə boşanmaların artmasında sosial şəbəkələrin mühüm rolu olduğunu müşahidə etmək çətin deyil. Bəs nə etməli? Sosial şəbəkələri bağlamaqla möhkəm ailə qurmaq, yaratmaq mümkündürmü? Əlbəttə ki, yox... Bu çox sadəlövh yanaşma olardı. Sosial şəbəkələrin zərərli təsirlərini aradan qaldırmaq üçün ailənin, eləcə də onun fərdlərinin güclü immunitetini yaratmaq gərəkdir. İnsan mənəvi cəhətdən yetkin olsa ona heç bir sosial şəbəkə xətər yetirə bilməz. Bəs bu mənəvi yetkinliyi necə yaratmaq mümkündür? Əlbəttə ki, incəsənətlə... Romanlarla, filmlərlə... 

Bəli, sosial media sözün həqiqi mənasında tüğyan edir. Ancaq onun qarşısında güclü şəxsiyyətlər çıxmalıdır. Məhz, güclü şəxsiyyətlər nəticəsindən sosial bəla kimi görünən sosial şəbəkələr neytrallaşacaqdır. Başqa cür desək, sosial şəbəkələr insanların qeyri-yetkin tərəflərinə appelyasiya edir, buna görə də mənəvi cəhətdən zəngin insanlar üçün onun heç bir qorxusu olmayacaq. Hər gün efirdən izlədiyimiz faciəvi ailə dramaları da məhz qeyri-yetkin, nadan və cahil insanların əməllərinin nəticəsidir.

Bunun üçün bütün gözəl duyğuları vəsf edən, insanlarda ali hisslər oyadan, ülvi duyğuları tərbiyə edən incəsənət nümunələrinə tarixin heç bir dövründə olmadığı qədər böyük ehtiyac var. Bu zərurəti dərk edib fəaliyyətə keçmək vaxtıdır. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri