Azərbaycan torpaqlarının azadlığı uğrunda aparılan müharibənin məşhur döyüşçülərindən olan Bayram Bayramov dünyasını dəyişib.
Oxu.Az AzNews.az-a istinadən xəbər verir ki, o, 1968-ci ildə Sumqayıt şəhərində anadan olub. Keçmiş döyüşçü 123-cü alayın kəşfiyyat bölüyünün komandiri olub. Ali təhsilini Minskdə alan Bayram ermənilərin torpaqlarımıza işğalçılıq niyyətinin qarşısını almaq üçün döyüşlərə qatılıb.
Qarabağ döyüşləri zamanı bir sıra şücaətlər göstərmiş Bayramın komandirlik etdiyi bölüklə Laçında göstərdiyi qəhrəmanlıq nümunəsi bu gün də ermənilərin və həmin döyüşlərdə mənfur düşmənlərimizə yardım edən rus hərbçilərinin yadından çıxmayıb.
Həmin döyüşdə Bayramın kəşfiyyatçıları Ermənistanın “Artsiv” taborunun 1 bölüyünü darmadağın edərək 35 nəfəri məhv edib, 20 nəfəri isə əsir götürüb.
Qeyd edək ki, həmin döyüş zamanı Bayramın 24 yaşı var idi. Ömrünün son illərini Moskvada yaşayan Bayram Bayramovun yaxınlarının bildirdiyinə görə, keçmiş döyüşçü infarktdan vəfat edib.