Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı-Sumqayıt yolunda baş verən dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb.
Oxu.Az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Bakı-Sumqayıt yolunun 22-ci kilometrliyində “Mercedes-Benz” markalı yük avtomobili idarəetməni itirərək yolayrıcı metal çəpərə çırpılıb və daha sonra “Nissan” markalı minik avtomobilinin üzərinə aşıb.
Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Nissan” markalı minik avtomobili ağır deformasiyaya uğrayıb.
Deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalan, şəxsiyyətləri məlum olmayan 5 nəfər hadisə yerində dünyasını dəyişib. Xilasedicilər vətəndaşların cəsədini avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, həyata keçirilən araşdırmalar nəticəsində ölən beş nəfərdən üçünün şəxsiyyətini müəyyən etmək mümkün olub.
Dünyasını dəyişənlər – “Nissan” markalı avtomobilin sürücüsü, 1971-ci il təvəllüdlü Akif Məhərrəm oğlu Sadıqov, həmin maşında olan sərnişinlər, Azərbaycan Dövlət Neft Akademiyasının tələbəsi, 1988-ci il təvəllüdlü Cavid Əjdər oğlu Hidayətdinov, Azərbaycan Texniki Universitetinin tələbəsi, 19 yaşlı Nurlan Güloğlan oğlu Tahirlidir.
Dünyasını dəyişən digər iki nəfərin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Baş vermiş hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma – iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
14:37
Bakı-Sumqayıt yolunda dəhşətli qəza baş verib.
Oxu.Az xəbər verir ki, 90-AG-518 dövlət nömrə nişanlı, “KamAZ” markalı beton qarışdıran maşın “Nissan” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində beş nəfər dünyasını dəyişib.
Hazırda Fövqəladə Hallar Nazirliyinin xilasediciləri avtomobillərdə sıxılmış vəziyyətdə qalan yaralı və meyitlərin çıxarılması istiqamətində iş aparır.
Faktla bağlı cinayət işi başlayıb araşdırma gedir.