23 
Apr
2024
14:12
8
59
908
Virtual karabakh

Moldovalı siyasətçi: “Qaqauz Yerini zərbə altında qoyurlar” - ŞƏRH

23 Apr, 2024
14:12
908

Moldovalı siyasətçi: “Qaqauz Yerini zərbə altında qoyurlar” - ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Moldova Respublikasının türk bölgəsi - Qaqauziyanın muxtar ərazi qurumu (Qaqauz Yeri) - Komrat (Qaqauziyanın paytaxtı) ilə Kişineu arasında münasibətlərin pisləşməsindən sonra postsovet məkanının bütün ekspert icmasının diqqətini cəlb edib. Səbəblərdən biri bu il oktyabrın 20-də prezident seçkisi və Avropa İttifaqına üzvlüklə bağlı referendumun keçirilməsi ilə bağlı qərar olub.

Qaqauziya Başqanı Yevgeniya Qutsul bildirib ki, Moldovanın Avropa İttifaqına inteqrasiyası ilə bağlı referendum respublika Prezidenti Maya Sandu tərəfindən hakimiyyətdə qalmaq üçün siyasi manipulyasiyadır. Amma qaqauzlar bunun əleyhinə səs vermək üçün orada iştirak edəcəklər.

Bundan əlavə, Yevgeniya Qutsul Kişineunun Buxarest ilə birləşməyə qərar verəcəyi təqdirdə Qaqauziyanın Moldovanı tərk edəcəyini bildirib (daha əvvəl Rumıniyanın Baş naziri Marsel Çiolaku ölkəsinin Moldova ilə birləşməsinin lehinə çıxış edirdi). Moldova Aİ-yə daxil olarsa, Komrat xarici siyasət kursunu müəyyən etmək hüququnu özündə saxlayır.

Daha sonra aprelin 21-də Moskvada Avropa İttifaqına inteqrasiyaya qarşı çıxan Moldova müxalifət siyasətçilərinin qurultayı keçirildi və orada “Qələbə” (Victorie) siyasi blokunun yaradılması elan edildi. Bu forumun əsas siması, Yevgeniya Qutsuldan başqa, Moldovada axtarışa verilmiş və Moldova hakimiyyəti tərəfindən Şor Partiyası qadağan edilmiş oliqarx İlan Şor idi.

Vəziyyəti Oxu.Az-a tarixçi, politoloq, Moldova Respublikası parlamentinin deputatı (2010-14), postsovet məkanı, o cümlədən Azərbaycan, Özbəkistan və Moldovanın məsələləri ilə bağlı 12 kitabın müəllifi Zurab Todua şərh edib:

- Moldova Respublikasındakı Qaqauz Muxtariyyəti ətrafında vəziyyət, həqiqətən, pisləşir. Moldova müxalifətinin Moskvada keçirilən qondarma qurultayı isə məsələni bir az da qızışdırdı. İş burasındadır ki, konqres və onun nəticəsində yaradılmış “Qələbə” bloku yalnız iş adamı İlan Şorla əlaqəsi olan siyasi təşkilatları birləşdirib. Bunlar əvvəllər Moldova hakimiyyət orqanları tərəfindən qadağan edilmiş Şor Partiyası əsasında yaradılmış dörd partiyadır.

İş adamı İlan Şorun emiqrasiyada olması təsadüfi deyil. Moldovada birinci instansiya məhkəməsi onu üç dövlət bankından milyard dolların oğurlanmasında iştirak ittihamı ilə yeddi il müddətinə azadlıqdan məhrum edib. Bu baxımdan yaradılmış blokun prezident seçkisində iştirak perspektivləri çox qeyri-müəyyən görünür.

Birincisi, yuxarıda adı çəkilən Şor Partiyası ilə eyni səbəblərə görə “Qələbə” bloku istənilən vaxt qadağan edilə bilər. Əgər bu alınmazsa, o deməkdir ki, müxalifətdən “kremlpərəst, korrupsioner, cinayətkar” və s. kimi təqdim edilə bilən namizədin olması iqtidar üçün sərfəlidir. Bu fon son iki ildə sıraları nəzərəçarpacaq dərəcədə azalmış Maya Sandu tərəfdarlarının birləşməsi və möhkəmlənməsi üçün çox uyğun gəlir.

PAS partiyasının hakimiyyətdə olduğu dövr (2020-ci ildən) davamlı uğursuzluqlar və qalmaqallarla yadda qalıb. Ona görə də insanları səfərbər etmək üçün bütün vasitə və üsullardan istifadə etmək lazımdır, o cümlədən də dövlət başçısının seçkisi və Moldovanın Avropa İttifaqına daxil olmasına münasibətlə bağlı referendumun birləşdirilməsindən. Lakin hələ heç kim Moldovanı Aİ-yə dəvət etmir. Söhbət nəzəri və çox uzaq gələcəkdən gedir.

İkincisi, “Qələbə” bloku solçu, sol mərkəzçi və sağçı müxalifətin - Maya Sandu və onun tərəfdarlarından narazı olan bütün partiyaların birləşməsinin qarşısını alacaq. Onların, az qala hamı ilə arası dəyib.

Nəhayət, üçüncüsü, İlon Şorun bütün bu nümayişkaranə hərəkətləri Qaqauziyanı kifayət qədər ciddi zərbə altında qoyur. İstər hökumətdə, istərsə də parlamentdə muxtariyyətin ləğv olunması arzusunda olan məmurlar, deputatlar çoxdur. Səbəb də göz önündədir: Qaqauziya “bir oliqarx tərəfindən ələ keçirilib”.

Rəsmi KİV muxtariyyəti gözdən salmağa çalışır. Hakimiyyətin qıcıqlanması onunla izah olunur ki, Qaqauz Yeri Muxtariyyətinin məcəlləsində (Konstitusiyasında) Moldova dövlətçiliyini itirərsə, Qaqauziyanın öz müqəddəratını təyin etmək hüququ təsbit olunub. 2014-cü ildə Qaqauziyada öz müqəddəratını təyinetmə hüququ ilə bağlı referendum keçirilib. Daha əvvəl, 2006-cı ildə Dnestryanıda müstəqillik və daha sonra Rusiyaya birləşdirilməklə bağlı referendum keçirilmişdi.

Beləliklə, Moldova Respublikasının hakimiyyət orqanları tərəfindən planlaşdırılan referendum payızda baş tutsa, bu, Moldovanın Dnestr çayı boyunca son parçalanmasına və sağ sahildə yerləşən Qaqauziya ətrafında gərginliyin kəskin artmasına səbəb olacaq.

Nair Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri