12 
Apr
2014
10:57
29
2
2637
Virtual karabakh

Seyid Şuşinski – 125

12 Apr, 2014
10:57
2637

Seyid Şuşinski – 125

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şərq musiqisinin incisi...

Şuşa xanəndəlik məktəbinin ən parlaq nümayəndəsi Seyid Şuşinskinin anadan olmasından 125 il ötür.

Oxu.Az xəbər verir ki, Seyid Şuşinski 12 aprel, 1889-cu ildə indiki Füzuli rayonunun Horadiz kəndində anadan olub. Nadir və gözəl səsə malik Seyid Şuşinski xanəndəlik sənətinin sirlərinə yiyələnmək üçün ən əvvəl iki il Nəvvabın yanında oxuyub. Sonrakı müəllimi Cabbar Qaryağdıoğlu olub. Cabbar Qaryağdıoğlu onu “Şərq musiqisinin incisi” adlandırıb.

Seyid Şuşinski ifa üçün mürəkkəb muğam olan “Cahangah”ı xüsusilə böyük məharətlə oxuyardı, özü də həmişə onu “mayə”dən yox, “Mənsuriyyə”dən başlayardı, zildə böyük ustalıqla zənkulələr vuraraq, sonra “mayə”yə enərdi. Maraqlıdır ki, həyatının son illərində, yaşı artıq 74-ü ötmüş Seyid “Mənsuriyyə”ni eyni şövqlə oxuyurdu.

Seyid Şuşinski yaradıcılığında Hafiz Şirazi, Məhəmməd Füzuli, Seyid Əzim Şirvani qəzəllərilə yanaşı, Hüseyn Cavidin və Mirzə Ələkbər Sabirin şeirlərinə də müraciət edirdi. Sabirin “Millət necə tarac olur-olsun, nə işim var” şeirini “Müxalif”də oxuyardı.

Seyid Şuşinski siyasi-ictimai mövzuda şeir və qəzəl oxuyan, xalqı mübarizəyə çağıran ilk xanəndə olub. O, bir sıra mübariz ruhlu mahnılar da oxuyub. “Ayıl ey millət”, “Mən bir türkəm”, “Millət istərsə” və s.

Seyid Şuşinski, Mirzə Cəlil, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid, Hüseyn Ərəblinski kimi sənətkarlarla dostluq edirdi. Molla Nəsrəddinin bir neçə nömrəsinin çıxmağına maddi yardım göstərib. Ümumiyyətlə, Seyid Şuşinski böyük mesenat idi, o dövrün teatr aktyorlarına çox kömək edib, özü də aktyor kimi bir sıra rolları oynayıb.

Seyid Şuşinski “Cahargah”dan başqa “Mahur”, “Nəva”, “Məsnəvi”, “Mani”, “Arazbarı”, “Heyratı” kimi muğamların gözəl ifaçısı idi. O, novator sənətkar olaraq, bir çox muğamları birləşdirib onları yeni variantda oxuyub. (“Rast-Humayun”, “Qatar-Bayatı”, “Şur-Şahnaz”) “Rast”da və “Kürdi-Şahnaz”da “Dilkəş”i ilk dəfə Seyid Şuşinski ifa edib.

Seyid Şuşinskinin görkəmli bəstəkarımız Fikrət Əmirovun ilk dəfə yaratdığı və dünyada şöhrət qazandığı “Şur” və “Kürdi-Ovşarı” simfonik muğamlarının yazılmasında məsləhətçi kimi böyük köməyi olub.

Xanəndə 1 oktyabr 1965-ci ildə dünyasını dəyişib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri